Moskvada türkiyəli alimin “Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının təqdimat mərasimi keçirilib

Moskvada türkiyəli alimin “Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının təqdimat mərasimi keçirilib
# 21 aprel 2011 07:08 (UTC +04:00)
APA-nın Moskva müxbirinin məlumatına görə, Moskva Kitab Evində keçirilən təqdimat mərasimində çıxış edən müəllif kitab barədə ətraflı məlumat verib. O, kitabın ərsəyə gəlməsi üçün Rusiya arxivlərində 10 ilə yaxın çalışdığını söyləyib: “Əslində bütün sənədləri bir araya gətirmək heç də asan məsələ deyil. Amma qarşıya qoyulan məqsəddən çox şey asılıdır”.

M. Perinçek bu kitabın “erməni soyqırımı” barədə iddiaları təkzib etdiyini, tarixçilər tərəfindən müxtəlif şəkildə interpretasiya edilən bir sıra tarixi hadisələrə aydınlıq gətirdiyini söyləyib: “Erməni məsələsi və onunla birbaşa bağlı olan erməni soyqırımı barədə iddialar son vaxtlar Türkiyə və bütün dünya ictimaiyyətini narahat edən ən mübahisəli məsələlərdən biridir. 1915-1923-cü illərdə baş vermiş hadisələrin ən mühüm şahidi bilavasitə Türkiyə və erməni tərəfi ilə yanaşı, çar Rusiyası, sonra isə sovet Rusiyası olub. Rusiyanın dövlət arxivlərindən götürülmüş 120 nadir sənədin əsli də yalnız Rusiya arxivlərində saxlanılır. Bu arxivlər hamının üzünə açıqdır. Kitabda da həmin sənədlər şərhsiz və interpretasiyasız çap olub. Buradakı faktlar onu göstərir ki, erməni soyqırımı əsassızdır. Həmin tarixdə türklər və ermənilərin bir-birilərinə qarşı törətdikləri faciələr olub və həmin faciəvi hadisələrin cavabdehliyi imperialist ölkələrin üzərinə düşür, hansı ölkələr ki, Türkiyəni parçalamaq istəyirdi”.

Müəllif çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb. Ermənistan media mənsubları və “Daşnaksutyun” partiyasının nümayəndəsi replika və yersiz çıxışları ilə təqdimat mərasimin keçirilməsinə mane olmaq istəyiblər, lakin buna nail ola bilməyiblər. Müəllif təmkinlə və səbrlə bütün sualları cavablandırıb. O, Ermənistanın da arxivləri tarixçilərin üzünə açacağı təqdirdə, orada məmnuniyyətlə işləyəcəyini söyləyib. Tədbirin sonunda M. Perinçek qonaqlara öz imzası ilə kitabları hədiyyə edib.

Qeyd edək ki, M. Perinçek 19 sentyabr 1978-ci ildə İstanbulda doğulub. İstanbul Universitetinin hüquq fakültəsini bitirib, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında oxuyub. Rusiyanın dövlət arxivlərindən türklərin ermənilərə qarşı “soyqırım” törətdiyi haqqında iddiaların qondarma olduğuna dair xeyli material əldə edərək Türkiyədə çap etdirib. Doktorluq dissertasiyasını tamamlamaq üzrə olan M. Perinçek hazırda İstanbul Universitetinin müəllimi, Atatürk Prinsipləri və Türkiyə İnqilabının Tarixi İnstitutunun elmi işçisidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR