«Şahdəniz» yatağında növbəti qiymətləndirmə quyusunda qazma işləri 2012-ci ilin I rübündə başa çatacaq

«Şahdəniz» yatağında növbəti qiymətləndirmə quyusunda qazma işləri 2012-ci ilin I rübündə başa çatacaq
# 23 avqust 2011 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısı ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsi çərçivəsində 86,8 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 298,2 mln. dollar əsaslı xərclər çəkilib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən bildirilib.
Şirkətin məlumatına əsasən, bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 169,9 mln. dollar və 791,6 mln. dollar olacağı gözlənilir.
Hasilata gəldikdə isə, hesabat dövründə yataqdan 3,07 mlrd. kubmetr qaz və 0,8 mln. ton (6,5 mln. barel) kondensat və ya gündəlik təqribən 17 mln. kubmetr qaz və 35 800 barel kondensat hasil edilib.
«BP-Azerbaijan» şirkətindən həmçinin bildirilib ki, 2006-cı ilin sonlarında «Şahdəniz»də hasilat başlanandan 2011-ci il II rübün sonunadək yataqdan dünya bazarlarına 7,13 mln. ton (təqribən 56,3 mln. barel) kondensat ixrac edilib: «Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda 1 mərhələdə hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 mlrd. kubmetr qaz və gündə təxminən 50 min barel kondensat olacağı gözlənilir».
Bundan başqa, bu ilin IV rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsi çərçivəsində yeni quyu qazılacaq. Hazırda SDA06 quyusu hasilat üçün bağlanmaqdadır: «SDA03y quyusu isə bu ilin IV rübündə qazılmağa başlanacaq. Bu quyunun 2012-ci ilin I rübündə təhvil verilməsi planlaşdırılır».
«Şahdəniz»in tammiqyaslı işlənməsi üçün qiymətləndirmə qazma əməliyyatlarına gəldikdə isə, «BP-Azerbaijan» şirkətindən bildirilib ki, SDX06 qiymətləndirmə quyusu «İstiqlal» qazma qurğusu vasitəsilə uğurla qazılaraq mart ayında tamamlanıb: «Bundan sonra yataqda növbəti qiymətləndirmə quyusunu - SDX07A-nı qazmağa başladıq. Bu quyuda qazma işlərinin 2012-ci ilin I rübündə başa çatacağı planlaşdırılır».
Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR