DGK sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

DGK sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
# 29 sentyabr 2016 12:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Filippinin Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə ÜGR-nin baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan gömrük xidmətinin ÜGT ilə qarşılıqlı əlaqələrinə toxunan A. Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən söhbət açıb.

ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən komitə sədri, eləcə də ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub. Qeyd edilib ki, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində indiyədək bir sıra beynəlxalq və regional əhəmiyyətli seminarlar keçirilib. Bu günlərdə isə ofisdə Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarın təşkil olunduğu da diqqətə çatdırılıb.

A. Əliyev ötən il Bakı şəhərində keçirilən ÜGT-nin 10-cu illik PICARD konfransının nəticələrinə də toxunaraq, bu tədbirin gömrük sahəsində elm, tədris və tədqiqat məsələlərinin ətraflı müzakirə olunmasına, qarşılıqlı dialoqa və fikir mübadiləsinə imkan yaratdığını bildirib. Komitə sədri vurğulayıb ki, akademik tədqiqatların və təhsilin əhəmiyyətini və onun faydalarını tam dərk edən Azərbaycan gömrük xidməti gömrük təhsilinin təbliği istiqamətində inamlı addımlar atır.

K. Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını bildirib. Rəhbəri olduğu təşkilatda Azərbaycan gömrük xidmətinin rolunu yüksək qiymətləndirən Baş katib ÜGT ilə Azərbaycan gömrük xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

K. Mikuriya qeyd edib ki, ÜGT-nin 10-cu illik PICARD konfransının Bakı şəhərində keçirilməsi həqiqətən mühüm hadisə idi və Bakı konfransı gömrük işində peşəkarlığın artırılması və elm sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda faydalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR