Türkiyə prezidenti: “İsrail Qəzzadakı su və enerji probleminin həlli ilə bağlı təklifimizlə razılaşıb”

Türkiyə prezidenti: “İsrail Qəzzadakı su və enerji probleminin həlli ilə bağlı təklifimizlə razılaşıb”
# 04 iyun 2016 09:34 (UTC +04:00)

Bakı – APA. “İsraillə müzakirələr davam edir. May ayında yekunlaşmasını gözləyirdim, amma bir az gecikdi”.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Keniyada türkiyəli media nümayəndələri ilə söhbət zamanı deyib. O bildirib ki, Türkiyənin bu məsələdə şərtlərinin nədən ibarət olduğu bəllidir: “İsrail tərəfinin üzrxahlığından və ödənəcək təzminatın razılaşdırılmasından sonra Qəzzaya tətbiq olunan embarqonun necə ləğv olunacağını gözləyirik. Qəzzada elektrik enerjisi və su problemi var. Xəstəxanalar və məktəblərin bərpası üçün inşaat materialları aparılmalıdır. İsrail tərəfi inşaat materiallarının və qida məhsullarının Türkiyədən getməsinə hə deyir. Enerji problemini Aşdod limanına göndərəcəyimiz gəmi vasitəsilə həll etməyi təklif etdik, lakin həmin limanın buna uyğun olmadığını söyləyərək başqa yol təklif etdilər. Problem deyil. Su probleminin həlli üçün sondaj və ya dəniz suyunun təmizlənməsi ilə bağlı təklifimizə də razılaşdılar”.

R. T. Ərdoğan İsraildə yeni hökumətin qurulmasına da diqqət çəkib: “Libermanın müdafiə naziri olması məsələyə necə təsir edə bilər? Netanyahu bu məsələni Libermanla müzakirə edibmi? Növbəti görüşdə bunlar müzakirə olunacaq. Görüşün yerini və vaxtını deyə bilmərəm”.

Qeyd edək ki, 2010-cu il mayın 31-də Aralıq dənizində Türkiyədən Qəzzaya humanitar yardım aparan “Mavi Marmara” gəmisinə İsrail əsgərlərinin hücumu nəticəsində 9 nəfər ölüb. Bu hadisədən sonra iki ölkə arasında siyasi əlaqələr kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR