Dövlət Komitəsi: FETÖ cəmiyyət-din və dövlət-din münasibətlərinə mənfi təsir göstərir

Dövlət Komitəsi: FETÖ cəmiyyət-din və dövlət-din münasibətlərinə mənfi təsir göstərir
# 26 avqust 2016 09:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda din-cəmiyyət münasibətlərinin özünəməxsus yeri var. Cəmiyyət həmişə həqiqi möminlərə, əsl din xadimlərinə xüsusi hörmət və qayğı ilə yanaşıb. Həmçinin, cəmiyyətin siyasi təşkili forması kimi dövlətin də dinə münasibəti həmişə yüksələn xətt üzrə inkişaf edib. FETÖ (Fətullahçı Terror Təşkilatı – red) isə qarşılıqlı etibarı zədələməklə həm cəmiyyət-din münasibətlərinə, həm də dövlət-din münasibətlərinə mənfi təsir göstərir”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli bildirib.O qeyd edib, FETÖ dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda təhsil müəssisələri təsis edib: “Bu müəssisələrdə təhsilin səviyyəsinin nisbətən yüksək olması kifayət qədər istedadlı və tərəfsiz insanları özünə cəlb edib. Bu gün həmin təhsil müəssisələrini bitirmiş və FETÖ-nün ideoloji maşınının indoktrinasiya edə bilmədiyi xeyli sayda insan var ki, “nurçu” adı ilə damğalanır. Bu adamların həmin təhsil müəssisələrini seçməkdə yeganə məqsədləri keyfiyyətli təhsil almaq olsa da, indi onların istər əmək bazarında, istərsə də cəmiyyət arasında stereotiplərlə üzləşməsi labüddür. Bu nə onların, nə də cəmiyyətin günahıdır. Bu, FETÖ-nün neqativ eksternaliya kimi günahıdır. FETÖ-yə məxsus təhsil müəssisələri də təhsil bazarında iştirak edərkən orada təhsillə yanaşı, ideoloji “beyinyuma” kimi zəruri prosedurların olması barədə məlumat verməyib. İstehlakçı isə yalnız keyfiyyətli təhsil məqsədilə həmin müəssisələrə üz tutub. FETÖ məktəblərində də insanlar ora getməyənədək həmin məktəbdə onları nələrin gözlədiyini bilmirlər. Həm Azərbaycanda FETÖ-yə məxsus məktəblərin bağlanmasının, həm Rəcəb Tayyip Ərdoğan hökumətinin bütün dünyada bu məktəblərin bağlanmasına dair hökumətlərə çağırış etməsinin kökündə informasiya qeyri-simmetrikliyindən doğan bazar uğursuzluğuna dövlət müdaxiləsinin zəruriliyi dayanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR