“Azərbaycan və İran arasında əməkdaşlığı inkişaf etdirmək üçün heç bir maneə yoxdur”.
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin Ərdəbildən olan nümayəndəsi seyid Himayət Mirzadə deyib.
H. Mirzadə Astara-Astara dəmir yolu xəttinin istifadəyə verilməsini iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm iradənin göstəricisi adlandırıb.
H. Mirzadə Xəzərin hüquqi statusu və iki ölkənin dənizdəki əməkdaşlığına toxunaraq qeyd edib ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın yaxın müddətdə imzalanması Azərbaycan və İran arasında əməkdaşlığın artırılmasına zəmin yaradacaq.
H. Mirzadə qeyd edib ki, Azərbaycanın Cəlilabad rayonu və Ərdəbilin Germi şəhəri ərazisində mövcud olan potensialı nəzərə alaraq bu bölgədə gələcəkdə iqtisadi əməkdaşlıq gücləndirilə bilər.