Azərbaycan şəhərsalma və tikinti sahəsində problemlərin aradan qaldırılmasında Almaniya təcrübəsindən yararlanır

Azərbaycan şəhərsalma və tikinti sahəsində problemlərin aradan qaldırılmasında Almaniya təcrübəsindən yararlanır
# 08 oktyabr 2014 11:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi ilə əlaqədar aktual məsələlər” mövzusunda seminar keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilmiş seminarın işində Almaniyanın Aşağı Saksoniya Federal Torpağının Yuxarı İnzibati Məhkəməsinin hakimi Maks Ploq, FHN-nin və Milli Məclis aparatının təmsilçiləri, Agentliyin rəhbər heyəti və struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Agentliyin rəis müavini Təyyar Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması tarixi, onun tətbiqinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə danışıb. O, bildirib ki, Almaniyadan olan ekspertlərin dəstəyi ilə hazırlanmış Məcəllənin səmərəli tətbiqi ən prioritet məsələlərdən biri olaraq, şəhərsalma və tikinti fəaliyyəti sahələrində mövcud olan bəzi problemlərin həllinə kömək edəcək.

Maks Ploq Almaniyanın ümumi tikinti qanunvericiliyi, Almaniya təcrübəsində tikintidə nəzarətin həyata keçirilməsi, layihə sənədlərinin, xüsusilə də mürəkkəb texniki tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi mexanizmi barədə məlumat verib. Məcəllənin şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı maddələrinə şərhlər və onların səmərəli tətbiqinə dair öz tövsiyələrini verən ekspert, müvafiq sahədə Almaniya və Azərbaycan qanunvericiliklərinin müqayisəli təhlilini aparıb.

Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov Azərbaycanın şəhərsalma və tikinti qanunvericiliyində yenilik olan tikinti niyyətlərinin məlumatlandırma icraatı qaydasında reallaşdırılması qaydası, tikinti obyektlərinin sökülməsi halları, dövlət vəsaiti hesabına inşa edilən tikinti obyektlərinin xüsusiyyətləri, tikinti fəaliyyətinin subyektləri arasında qarşılıqlı əlaqə mexanizmi ilə bağlı yaranan suallara aydınlıq gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR