Azərbaycanla Kolumbiya yüksək texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir

Azərbaycanla Kolumbiya yüksək texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir
# 20 sentyabr 2014 14:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ölkələr arasında qurulan münasibətlərin uğurlu inkişafına toxunan nazir yaranan əməkdaşlığın davam etdirilməsi üçün rabitə və yüksək texnologiyalar sahəsində mövcud potensialdan və gələcək inkişaf perspektivlərindən söz açıb.

Nazir kolumbiyalı həmkarı ilə keçirdiyi ikitərəfli görüşləri və aparılan müzakirələri də xatırladaraq, Dünya İqtisadi Forumu, Beynəlxalq Telekommunikasiya İttifaqının yüksək səviyyəli tədbirlərində Kolumbiyanın ölkəmizlə bağlı məsələlərə isti münasibət göstərdiyini qeyd edib. Eyni zamanda Azərbaycanda yeni açılmış səfirliyin, həmçinin diplomatın iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Bu ildən ölkəmizdə diplomatik fəaliyyətə başlayan müvəqqəti işlər vəkili A. Gater Azərbaycanda aparılan iqtisadi islahatları izlədiyini, eyni zamanda ölkəsinin yüksək texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Əməkdaşlıq imkanlarının nümayişi üçün “Bakutel” sərgi-konfransını yüksək qiymətləndirən müvəqqəti işlər vəkili kolumbiyalı şirkətlərin cari ildə keçiriləcək tədbirə qatılması ilə bağlı hazırlıq işlərinə başlanacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR