Funt sterlinqin ölümü - TƏHLİL

Funt sterlinqin ölümü - <span style="color: red;">TƏHLİL
# 24 oktyabr 2016 08:38 (UTC +04:00)

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı barədə referendumundan sonra bu ölkənin iqtisadiyyatının perspektivləri barədə müxtəlif proqnozlar səsləndirilir. Bütün proqnozlarda qeyd olunur ki, Böyük Britaniyanın çətin bir neçə il gözləyir, çünki iqtisadiyyatda ciddi və sistemli dəyişikliklər baş verəcək, iqtisadiyyatın tarazlaşdırılmasına qədər sarsıntılar davam edəcək. İlk gözlənti isə funt sterlinqin zəifləməsidir. Ən bədbin proqnozlara əsasən, bu ilin sonuna kimi funt 15% dəyərdən düşəcək. Son hadisələr isə göstərir ki, hətta bu bədbin proqnozlar belə bəzən nikbin ola bilər.

Çünki... İyunun 23-dən bu günə kimi funt avroya qarşı 17,7%, dollara qarşı 18,1% ucuzlaşıb. Bununla da real ucuzlaşma proqnozları artıq indidən üstələyib. Ümumilikdə, funt hazırda faktiki olaraq minimal səviyyəyə qədər enib. Qeyd edək ki, funtun ucuzlaşması üçün psixoloji amillərlə yanaşı, makroiqtisadi əsaslar mövcuddur. İlk növbədə söhbət ondan gedir ki, Avropa İttifaqından çıxmaqla əlaqədar Böyük Britaniyanın bütün iqtisadi göstəriciləri pisləşəcək – bu barədə bütün iqtisadçılar eyni fikirdədir. Gözlənilir ki, gələn il ÜDM-in azalması 2%-ə çata bilər, növbəti illərdə isə bu göstərici daha da arta bilər. Bəzi proqnozlara görə, Britaniyanı 10-15 illik uzunmüddətli iqtisadi böhran gözləyir ki, bu dövr ərzində 8 faizə qədər iqtisadi geriləmə müşahidə olunacaq. İqtisadiyyatda belə hadisələrin baş verməsinin əsas səbəbkarı ticarətdə problemlər olmalıdır, çünki Avropa İttifaqından çıxış avtomatik olaraq Böyük Britaniyanın vahid ticarət zonasından çıxması deməkdir. Bu zaman ölkəyə qarşı adi qaydalar tətbiq olunacaq ki, bu da ticarətin həcmini azaldacaq.

Xüsusən də nəzərə almaq lazımdır ki, Böyük Britaniya ilə Aİ arasında ticarət münasibətləri sahəsində danışıqların gərgin keçməsi və razılaşmaların əldə edilməsi nəzərəçarpacaq dərəcədə uzanması ehtimalı böyükdür. Aİ israr edir ki, Britaniyanın İttifaqdan çıxışı mümkün qədər tez baş versin və bu mövqe onu göstərir ki, Böyük Britaniyada Aİ-yə referendumda reallaşmış sərt münasibət müvafiq münasibətlə “cavablandırılacaq”. Yəni ayrılmanın Britaniya üçün mümkün qədər ağrısız keçəcəyinə inanmaq çətindir. Nəticədə, proqnozlaşdırmaq olar ki, iqtisadi nəticələr ən bədbin gözləntilərdən də mənfi ola bilər. Artıq indidən nəhəng maliyyə qurumları Avropanın maliyyə mərkəzlərindən biri hesab olunan Londonu tərk etməyə başlayır və bu prosesi mümkün qədər sürətləndirmək niyyətindədir. Nəhayət, vahid iqtisadi qaydaların “əhatə dairəsindən” çıxan Böyük Britaniyanı investorlar da kütləvi şəkildə tərk edir. Bütün bunlar real ticarətin azalması ilə yanaşı Böyük Britaniyanın iqtisadiyyatına zərbə vurur ki, o da ilk növbədə valyutaya öz təsirini göstərir. Amma hər şey belə makroiqtisadi və yarı-siyasi amillərlə yekunlaşmır.

Belə bir ehtimal da var - əgər funtun kəskin ucuzlaşması obyektiv yolla baş verirsə, Böyük Britaniyanın hökuməti ən azı buna mane olmayacaq. Qeyd edək ki, ticarətin azalması şəraitində milli valyutanın devalvasiyası bu azalmanın müəyyən hissəsini “ödəyir”, çünki ucuz yerli valyuta ixracatçılar üçün əlverişlidir. Aİ ilə ticarət münasibətləri pozulması və ticarətin iqtisadiyyata mənfi təsiri məhz ixrac tərəfindən özünü göstərir. Sadə desək, ixracın azalması şəraitində yerli valyutanın ucuzlaşması ölkəyə sərf edir. Hətta bəzi ölkələr xarici ticarətdə vəziyyət pisləşəndə özləri devalvasiyaya əl atır. Böyük Britaniyanın halında bunun üçün ehtiyac yoxdur, çünki funtun zəiflənməsi üçün onsuz da kifayət qədər amillər var, hökumət yalnız buna qarşı tədbir görə bilərdi, amma, yəqin ki, “ticarət amilini” nəzərə alaraq, bunu lazım bilmir.

Nəticədə, funt ucuzlaşır və, məsələn, “Goldman Sachs”ın proqnozuna görə, ilin sonuna kimi funtun ucuzlaşması 25%-ə çata bilər. Lakin valyutanın ucuzlaşması yalnız bir prosesdir, təsirli bir hadisədir, göstəricidir. Yəni funtun ucuzlaşması ilk növbədə onu göstərir ki, investorlar tam olaraq Böyük Britaniyanın yaxın iqtisadi perspektivlərində qorxur və Brexitin nəticələrindən mümkün qədər uzaq olmaq istəyir. Qeyd edək ki, funtun ucuzlaşması ticarətlə yanaşı maliyyə bazarlarına da təsir edəcək, amma burada Britaniyanın xeyri sıfıra bərabərdir, Avropa İttifaqının isə - əksinə. Belə ki, funtun ucuzlaşması ona gətirib çıxarıb ki, Avropa İttifaqın kreditlarlarına qarşı Britaniyanın borcları avro, frank və dollarda dərhal bahalaşıb, Avropa İttifaqının Britaniya kreditoralarına qarşı funtda borcları dərhal ucuzlaşıb ki, burada Aİ-nin borcalanları əlverişli mövqedədir.

Avropa siyasətçilərin fikrincə, iqtisadi problemlər Böyük Britaniyanın miqrasiya məsələsində müstəqillik qazanmaq istəyi üçün “ödənişdir” və ölkə bunu tam məsuliyyətlə qəbul etməlidir. Fransa və Almaniyanın mövqeyi sərtdir: əgər çıxış barədə səs verdiniz, tez bir zaman İttifaqı tərk edin və bu prosesdə heç bir güzəşt olmayacaq. Aİ Britaniyaya ticarət və ya digər məsələsində heç bir əlverişli və ya güzəştli rejimə getməyəcək – bu artıq aydındır. Sadə desək, mövqe belədir ki, nə istəyirdiniz, onu da alacaqsınız.

Digər tərəfdən, əgər funt ucuzlaşırsa, Avropa ixracatçıları üçün Böyük Britaniyaya mal tədarük etmək ümumiyyətlə sərf etmir. Hazırda Avropa İttifaqının Böyük Britaniyaya məcmu ixracı təxminən 300 mlrd. avroya bərabərdir. Funtun kəskin ucuzlaşması İttifaqın Britaniyaya ixracatını azaltmağa məcbur edəcək. Bu da, demək olar ki, gələcəkdə azalmanın "hazırlıq mərhələsidir". Yəni Britaniyanın Aİ-dən çıxışın rəsmiləşdirilməsindən sonra ticarət qaydaları, normativləri, sertifikatlaşdırma və sair sənədləşmə prosedurları, o cümlədən gömrük məsələlərinin qeyri-Avropa ölkələrin səviyyəsinə qədər çatdırılması nəticəsində ixrac təbii olaraq azalacaq. Funtun ucuzlaşması nəticəsində proses daha da tez başlayacaq. Aydındır ki, devalvasiya idxalı bahalaşdırır və funtun kəskin ucuzlaşması həm Aİ-nin öz ixracatçıları, həm də Böyük Britaniyanın idxalçıları üçün böyük zərbədir. Nəticədə, Aİ-nin malları digər bazarlara yönəldilə bilər ki, bu bir tərəfdən yeni bazarlara çıxışına səbəb ola bilər, digər tərəfdən isə Avropada malların təklifinin artması nəticəsində qiymətlərin bir qədər aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, funtun ucuzlaşması Britaniyadan ixracı əlverişli edir ki, burada gözləmək olar ki, Avropa İttifaqı inzibati yollarla bütün səyləri göstərəcək ki, Avropa bazarında ehtiyacdan artıq ingilis malları olmasın, çünki əks halda Avropa mallarının rəqabət qabiliyyəti kəskin azalacaq.

Hələlik, bütün bu nəticə və fikirlər empirik, nisbi xarakter daşıyır, amma ümumilikdə tendensiya, belədir - Britaniyanın idxalı artıq indidən azalmağa başlayacaq, ümumi ticarət sahəsində geriləmə isə Aİ-dən çıxışının ticarət sahəsinə aid olan sənədlərdə müvafiq sərtləşdirmələrdən sonra baş verəcək. Aİ üçün Britaniya kimi ticarət tərəfdaşını itirmək heç də iqtisadi uğur kimi hesab edilə bilməz, amma əgər britaniyalılar miqrasiya məsələsində müstəqillik naminə iqtisadi inkişafı qurban verməyə hazırdırsa, Avropa İttifaqı yaranmış ixrac problemlərini qalan 27 ölkə bazarları hesabına həll etməyə çalışmalıdır. Açığı, Britaniya ilə müqayisədə İttifaqın belə problemləri həll etməyə qadir olduğu daha real görünür...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR