ANAMA-nın direktoru: “Türkiyə ordusu Suriyaya bizim minalardan təmizlədiyimiz ərazidən daxil olub” - MÜSAHİBƏ

ANAMA-nın direktoru: “Türkiyə ordusu Suriyaya bizim minalardan təmizlədiyimiz ərazidən daxil olub” - <span style="color: red;">MÜSAHİBƏ
# 23 fevral 2017 08:45 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovun APA-ya müsahibəsi

- Qəzənfər müəllim, ötən müddət ərzində Agentliyin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Agentlik 2007 - 2008-ci ildən başlayaraq dövlət büdcəsindən maliyyələşir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz 1999-cu ildən başlayaraq çox fəal şəkildə BMT ilə əməkdaşlıq edirik. 2000-ci ildən 2017-ci ilin yanvarın sonuna kimi 395 615 625 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 17 il ərzində 516 ədəd piyada əleyhinə, 1109 ədəd tank əleyhinə mina və 754 187 ədəd partlamamış hərbi sursat, 2016-cı ildə isə 752 243 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu ilin yanvar ayında tərəfimizdən 2 ədəd piyada əleyhinə, 33 ədəd tank əleyhinə mina, 1167 ədəd partlamamış hərbi sursat aşkarlanıb və 1 782 799 kvadrat metr ərazi yoxlanılaraq təmizlənib.

Yerli və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi üçün ANAMA-nın Göygöl rayonunda yerləşən Göygöl Regional Təlim Bazası (GGRTB) mövcuddur. 2001-ci ildən təlim mərkəzində 1731 mütəxəssis hazırlanıb, onlar üçün 166 təlim kursu keçilib. Tələbələrin 305 nəfəri əcnəbi olub. Əcnəbi tələbələr əsasən Türkiyə, Əfqanıstan və digər ölkələrdəndir. 2016-cı ildə təlim mərkəzində 6 təlim kursu keçmişik. Nəticədə 89 mütəxəssis hazırlanıb. Eyni zamanda, əməkdaşlarımız bir ildən bir mütləq şəkildə yenidən kurs keçir. NATO, BMT daimi bunu nəzarətdə saxlayırlar.

Digər tərəfdən yerli əhali ilə də Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə Proqramı çərçivəsində mütəmadi maarifləndirmə işləri aparılır. 2004-cü ildə Təhsil Nazirliyi, ANAMA və UNİCEF arasında Mina Təhlükəsinə dair Maarifləndirmənin (MTM) məktəblərin tədris proqramına inteqrasiya edilməsinə dair Anlaşma Memorandumu imzalandı, şagirdlər üçün dərslik və müəllimlər üçün təlim vəsaitləri hazırlandı. 26 bölgədə, 1200 məktəbdə maarifləndirmə işləri aparırıq. 3635 müəllim bu işə cəlb olunub. 115 900 dərslik və dərs vəsaitləri çap olunub. Hər il ərzində 55 min şagird mina təhlükəsi ilə məlumatlandırılır. 2004-cü ildən 2016-cı ilə qədər 660 000 nəfər tərəfimizdən maarifləndirilib. Mina təhlükəsi ilə bağlı plakatlar cəbhəyanı ərazilərdə basdırılır. Biz yerli əhali ilə daimi işləyirik. Əvvəlki illərlə müqayisədə minaya düşərək həyatını itirənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. İnsanlar şübhəli bir obyekt tapan kimi, dərhal bizə məlumat verir və biz də dərhal müvafiq tədbirlər görürük.

- Son illər minaya düşərək həyatını itirən insanlar olub?

- Son 3 il ərzində 3 nəfərin ölümü və 21 nəfərin zərər çəkməsi ilə nəticələnən mina hadisələri baş verib.

- Azərbaycanda mina və partlamamış sursat təhlükəsi mövcuddur. Hazırda Agentlik tərəfindən hansı ərazilərdə əməliyyatlar keçirilir?

- Əməliyyatlar Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, Gəncə, Ağstafa, Bakı-Abşeron və Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində aparılır. Biz hazırda Lökbatanda da əməliyyat aparırıq. Lökbatanda sovetdən qalma hərbi hissədə partlamamış hərbi sursatlar var. Bu istiqamətdə də işlər aparılır. Qeyd etmək istərdim ki, 2016-cı ilin sentyabr ayında ANAMA ilə Böyük Britaniyanın səfirliyi arasında Anlaşma Memorandumu imzalanıb. BMT vasitəsilə Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti yerinə yetirilir. Hazırda ANAMA-nın regionlarda Xüsusi Mobil Çevik Əməliyyat Qrupları mövcuddur ki, onlar da tək sursat əməliyyatlarının həyata keçirilməsi üçün fəaliyyət göstərirlər. Ümumilikdə keçən il ərzində təmizləmə əməliyyatları Bakı-Abşeron, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd, Qazax, Tərtər, Goranboy, Ağstafa, Göygöl, Tovuz, Gəncə, Beyləqan və Lənkəran rayonlarında aparılıb.

- Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ümumilikdə nə qədər mina, partlamamış hərbi sursat aşkarlanıb və kənddə əməliyyatları nə vaxt başa çatdırmağı planlaşdırırsınız?

- Azərbaycan prezidentinin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına müvafiq olaraq, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun yaradılması tapşırığı verilib. Fevralın 20-nə olan məlumata görə, 26 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Bir quyuda 5 ədəd partlamamış hərbi sursat aşkarlanıb ki, onlardan 3 ədədi 82 mm-lik top mərmisi, 2 ədədi 122 mm-lik minaatan mərmilərdir.

“200 milyon kvadratmetr ərazidə mina və partlamamış hərbi sursat təhlükəsi mövcuddur”

Cəmi 17 gün ərzində 128 226 kv.m ərazi yoxlanılaraq təmizlənib. Qeyd edim ki, 55 226 kvadratmetr ərazi əllə, 73 000 kvadrat metr ərazi mexaniki mina təmizləmə maşınlarının köməyi ilə yoxlanılıb. Hava şəraiti əməliyyatın aparılmasına bir qədər çətinlik yaradır. Əgər hava şəraiti imkan versə, fevralın sonu, martın ortalarına kimi Cocuq Mərcanlıda yoxlanılmamış 27 evi təmizləyərək işləri yekunlaşdırmağı planlaşdırırıq.

- Aprel döyüşlərindən sonra cəbhəyanı rayonlarda əməliyyatlar hansı mərhələdədir?

- Aprel döyüşlərindən sonra təmas xəttində 259 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2 740 045 kvadratmetr ərazi yoxlanılıb. May ayında Tərtərin Əskipara kəndində 1 ədəd xüsusi təyinatlı sursat aşkar etdik. Ağ fosfor tərkibində olan sursatı ermənilər Əskipara kəndinə atmışdılar. Təcili olaraq bu sursatı zərərsizləşdirmək üçün lazımı tədbirlər görüldü. Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri dəvət olundular, onlara əyani şəkildə sursat göstərildi. Bildiyiniz kimi, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aprel hadisələrinə görə cinayət işi açılıb, lazım olan tədbirlər həyata keçirilir. Cəbhəyanı rayonlarda da əməliyyatlarımız davam etdirilir. Çünki ərazilər çoxdur. Biz mina sahələrini, döyüşlərin getdiyi sahələri təmizləmişik. Lakin bununla belə, yenə də ərazilərdə sursatlar mövcuddur. Məhz buna görə də biz əraziləri daimi olaraq nəzarətdə saxlayırıq. Bu günə kimi də cəbhəyanı rayonlarda əməliyyatlar davam etdirilir. Aprel döyüşlərindən sonra biz Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik. Yerli əhali nə isə şübhəli obyekt aşkar olunan zaman Daxili İşlər Nazirliyinin “102” və Fövqəladə Hallar Nazirliyinin “112” xidmətlərinə məlumat verirlər. Onlar da müvafiq olaraq bizi məlumatlandırırlar. Bizim təxirəsalınmaz çevik əməliyyat qrupları ərazilərə göndərilir və təxirəsalınmaz tədbirlər görülür.

- “Ceyrançöl” və “Saloğlu” layihələri əsasında hansı nəticələr əldə olunub, nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib?

- Biz mütəmadi olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. 2005-ci ildən etibarən Ağstafa rayonunun Saloğlu qəsəbəsində əməliyyatlara başlamışıq və bu əməliyyatları 2011-ci ildə yekunlaşdırmışıq. Bu layihə NATO ilə birgə həyata keçirilib. Biz “Saloğlu” layihəsi çərçivəsində 5,6 milyon kvadratmetr ərazini mina və partlamamış hərbi sursatlardan təmizlədik. Nəticədə 640 min ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildi. 2012-ci ilin aprel ayından “Ceyrançöl” layihəsinin icrasına başlanılıb. ANAMA ilə NATO/NSPA-nın (NATO-nun Dəstək və Təchizat Agenliyi) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi çərçivəsində Ceyrançöl Təmizləmə Layihəsi də həyata keçirilir. Bu ərazi keçmiş sovet ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Layihənin 1-ci mərhələsində 19 milyon kvadratmetr ərazi yoxlanılıb, 14 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. 2-ci mərhələ 2014-cü ilin iyulundan başlayıb və bu yaxınlarda başa çatıb. 24 milyon kvadratmetr ərazi təmizlənib və 1351 ədəd partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib. “Ceyrançöl” layihəsinin 3-cü mərhələsinə bu yaxınlarda başlanılacaq.

“Minaya düşərək həyatını itirənlərin sayı əhəmiyyətli dərəcədə azalıb”

Fevralın sonlarında əməliyyatın 3-cü mərhələsinə başlamaq üçün layihənin digər mərhələlərində olduğu kimi ANAMA ilə NATO/NSPA (NATO-nun Dəstək və Təchizat Agenliyi) arasında yeni saziş imzalanacaq. İmzalanacaq yeni sazişə görə 22 milyon kvadratmetr ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. Əməliyyatın 3-cü mərhələsi təxminən 1 il yarım – 2 il ərzində həyata keçiriləcək. Əməliyyatlar beynəlxalq standartlara uyğun olaraq 30 sm dərinlikdə aparılır. Ağstafanın Saloğlu qəsəbəsində elə yerlər var ki, partlamamış hərbi sursatlar çox dərində yerləşir. Biz hətta 3 metr dərinlikdə də hərbi sursat tapmışıq. Bu bizim praktikamızda olub. Amma yenə deyirəm ərazilər çox böyükdür. Bizim üçün birinci prioritet yerli əhalinin təhlükəsizliyini təmin etməkdir. Biz artıq məqsədimizə çatmışıq. Siz təsəvvür edin 2005-ci ildə uşaqlar hərbi sursatların yanından keçib məktəbə gedirdilər. Hətta hərbi sursatlar məktəbin həyətində atılmışdı. Biz həmin sursatları götürüb zərərsizləşdirdik. Saloğlu qəsəbəsində 30 sm dərinlikdə yerləşən hərbi sursatları təmizləmişik. Yəni ən azından baş verə biləcək bədbəxt hadisələrin qarşısı alınıb. Yerli icra hakimiyyəti orqanlarına da bildirmişik ki, əgər Saloğluda yeni tikinti, əkin-biçin işi aparılarsa bizə dərhal məlumat verilsin. Biz tikinti, əkin-biçinin aparılacağı ərazinin 3-5 metr dərinliyini tam yoxlayıb təhvil verə bilək. Əraziləri yoxlamaq çox güc, vaxt və maliyyə aparır. Saloğluda 5-6 metr dərinlikdə yoxlama işləri aparmaq çox çətin məsələdir.

- Abşeronda Xancan və Güzdək ərazilərində hərbi sursatların təmizlənməsi işləri başa çatdırılıb?

- Bu ilin sonuna kimi Xancanda işlərimizi yekunlaşdırmağı planlaşdırırıq. Güzdəkdə isə çox az miqdarda təmizlənməmiş ərazi qalıb. Güzdəkdə də əməliyyatları bu ilin sonuna kimi tam başa çatdırıb, ərazini tam olaraq yerli icra hakimiyyəti orqanlarına təhvil verəcəyik.

- İstərdim bir qədər dənizdə mövcud olan mina və hərbi sursat təhlükəsi haqda danışaq. Lənkəranda dənizdən hərbi sursatların aşkarlanması barədə mütəmadi məlumatlar yayırsınız. Agentlik tərəfindən sualtı əməliyyatların aparılması mümkündür?

- Bu günə qədər Lənkəranda 200 ədəddən çox tank əleyhinə mina zərərsizləşdirilib. Biz Lənkəranda lazım olan tədbirləri görürük. Lənkəranda dənizin altında çoxlu sayda mina var. Biz ilkin olaraq Lənkəranda texniki-tədqiqat işlərinin aparılması üçün hazırda beynəlxalq təşkilatlarla danışıqlar aparırıq. Hazırkı şəraitdə dalğıcların suyun altında işləməsi bir qədər çətindir. Ancaq yay vaxtı dalğıclar 10-15 gün suyun altında çalışmaq imkanı əldə edə bilirlər. Lənkəranda dənizin altındakı minaları gözlə görmək mümkün deyil. Orada yalnız xüsusi avadanlıqdan istifadə etmək lazımdır. Birinci dərəcəli harada səpələnmə var onu müəyyən etmək, ondan sonra plan qurmaqla minaları oradan təmizləmək lazımdır. Bizim əməliyyat qrupu hazır vəziyyətdədir. Minalar əsasən güclü küləklərdən sonra dənizin sahilinə çıxır. Belə olan halda da əməliyyat qrupumuz təxirəsalınmaz tədbirləri görüb minaları zərərsizləşdirir.

- Minalar sahildən təxminən nə qədər məsafədə yerləşib?

- Minaların suyun altında olması dəqiqdir. Bizim əməliyyat məlumatlarına görə minalar təxminən 1 km uzunluğunda sahilboyu səpələnib. Lakin minaların hansı dərinlikdə olması və sair barədə dəqiq məlumat demək mümkün deyil.

- Nargin adası ətrafında da suyun altında minaların olması barədə məlumatlar dolaşır. Bu barədə nə deyə bilərsiniz?

- Bəlkə də ola bilər, lakin bizdə bu barədə dəqiq məlumat yoxdur. Həm də bizə bu barədə rəsmi müraciət daxil olmayıb. Əgər bu barədə bizə hər hansı bir məlumat daxil olsa, orada tədqiqat işləri aparılıb, lazım olan tədbirlər görüləcək.

- Gələcəkdə əməliyyatların aparılması üçün ərazilər müəyyənləşibmi?

- Gələcəkdə çox ərazilərdə əməliyyatların aparılması nəzərdə tutulub. Bizim üçün prioritet ərazi Dağlıq Qarabağdır. Çox yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımızı azad edib, həmin ərazilərdə mina təmizləmə işlərinə başlayacağımıza inanırıq.

- Azərbaycan ərazisinin təxminən neçə faizində mina və partlamamış sursat təhlükəsi var?

- Sizin qeyd etdiyiniz məsələ ilə bağlı BMT tərəfindən tədqiqat aparılıb. Tədqiqat işləri nəticəsində təxminən 500 milyon kvadrat metr ərazidə mina və partlamamış hərbi sursat təhlükəsinin olması müəyyən olunub. Artıq 300 milyon kvadrat metr ərazi mina və hərbi sursatlardan təmizlənilib. Bu təmizləmə əməliyyatlarına Dağlıq Qarabağ daxil deyil.

“Lənkəranda dənizin altında çoxlu sayda mina var”

Mina və partlamamış hərbi sursatlar əsasən erməni işğalından azad olunmuş ərazilərdə, sovet ordusunun poliqonlarında tapılır. Biz belə əraziləri yoxlayıb mərkəzi bazaya daxil edirik. Bunu da qeyd edim ki, sovet ordusunun poliqonları bir-bir aşkar olunur. Çünki sovet ordusu ölkədən çıxanda nə xəritələr var idi, nə də ki koordinatlar. Təxminən 200 milyon kvadratmetr ərazidə mina və partlamamış hərbi sursat təhlükəsi mövcuddur. Biz hər il 30-40 milyon kvadratmetr ərazini təmizləyib təhvil veririk.

- Bir neçə il öncə ANAMA-nın minaaxtaran itlərin xaricə satılmasına başlayacağı ilə bağlı məlumat yayılmışdı. Bu işə konkret nə zaman başlanılacaq? Bir də ANAMA-nın əməliyyatlarında hazırda neçə minaaxtaran it iştirak edir?

- Bəli, 2-3 il bundan öncə belə bir fikir var idi. Bizə ABŞ Dövlət Departamenti, BMT və bəzi beynəlxalq təşkilatlar tərəfindən itlər hədiyyə olunub. Hazırda bizdə 54 baş mina təmizləmə iti var. Ümumilikdə 34 baş it əməliyyatlara cəlb olunur. 3 küçük, 3 damazlıq it var. 6 baş it təlimdə, 8 it isə təqaüddədir. Əgər itlər yetişsə, onlara təlimlər keçirilsə, yəqin biz onları sata biləcəyik. Amma bu gün üçün bu məsələ ancaq plan olaraq qalır. Bu plan ancaq 2-3 ildən sonra reallaşa bilər.

- Agentliyin kadr təminatı, müasir avadanlıqlarla təchizatı sizi qane edir?

- Bizdə 6 ədəd mexaniki mina təmizləmə maşını var. Bu mina təmizləmə maşınlarından 5-i Slovakiya, 1-i Xorvatiya istehsalıdır. Biz əməliyyatlarda ən müasir texnologiyalardan istifadə edirik. Dünyada bir neçə ölkə var ki, ABŞ, Avstraliya, Almaniya, İsrail ən müasir mina axtaran detektorlar, avadanlıqlar istehsal edir. Biz bu ölkələrin istehsalı olan avadanlıqlardan istifadə edirik.

“Son 3 ildə 3 nəfərin ölümü ilə nəticələnən mina hadisəsi baş verib”

Bizdə ərazini 5-6 metr dərinlikdə yoxlayan xüsusi avadanlıqlar, ən əsası mexaniki mina təmizləmə maşınları var. Kadr təminatı məsələsinə gəlincə 620 nəfərə yaxın əməkdaşımız var. Onlardan 498-i əməliyyat, 124 nəfəri isə inzibati heyətdir. İnşallah, yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsi həll olunsa, bizim maliyyə imkanlarımız da artacaq.

- Türkiyədə minaların və hərbi sursatların axtarışı əməliyyatlarında iştirak etmişdiniz. Yenidən Türkiyə və Küveytdə əməliyyatlarda iştirakınız mümkündür? Hər iki ölkədə keçiriləcək tenderdə iştirak edəcəksiniz?

- Biz artıq Türkiyədə beynəlxalq əməliyyatlarda iştirak etmişik. Qaziantəpin Karkamış kəndində tərəfimizdən 705 746 kvadratmetr ərazi təmizlənib və 1176 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. Türkiyə ordusu bizim təmizlədiyimiz ərazidən Suriyaya daxil olub. Bundan başqa, Konyada 71 916 kvadratmetr ərazi təmizlənilib. 407 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Diyarbakırda isə 1 101 492 kvadratmetr ərazi yoxlanılıb, nəticədə 16 912 ədəd partlamamış hərbi sursat məhv edilib. Küveytdə əməliyyatların keçirilməsi üçün tender elan olunub. Biz də öz təklifimizi verib tenderdə iştirak edirik. Yaxın müddətdə tenderin nəticəsi bilinəcək. Tenderdə qalib gəlsək, Küveytdə əməliyyat keçirəcəyik. Türkiyə isə yaxın zamanda Suriya sərhədində əməliyyat keçirməyi planlaşdırır. Rəsmi olaraq bu ilin axırı, gələn ilin əvvəlinə kimi biz həmin tenderdə iştirak etməyi planlaşdırırıq. Əgər Türkiyə məsləhət bilsə, biz yenidən orada əməliyyatlara qatılacağıq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR