Bakıda yaradılan hostel və apartamentlərin sayı açıqlanıb

Bakıda yaradılan hostel və apartamentlərin sayı açıqlanıb
# 05 aprel 2017 11:18 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi Bakıda yeni yaradılan hostel və apartamentlərin sayını açıqlayıb. APA-nın xəbərinə görə, nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, artıq Bakıda 25 hostel, 92 apartament fəaliyyət göstərir. Onun sözlərinə görə, bunlar özəl müəssisələrdir və sahibkarlar tərəfindən yaradılır: “Məsələn, apartamentlərin hamısı şəxsi adamların evləridir və turistlərə icarəyə verilir. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması dəstəklənir”.

Şöbə müdiri əlavə edib ki, 2-3 ulduzlu mehmanxanaların tikilməsi nazirlik üçün prioritet məsələdir. Bunun mütəmadi olaraq müzakirəyə çıxarıldığını deyən A.İsmiyev vurğulayıb ki, nəinki 2-3, hətta 4 ulduzlu mehmanxanaların tikilməsi də məqsədəuyğundur: “Son zamanlar hotellərdə yer çatışmazlığı məsələsi ortaya çıxır. Bu problemləri nəzərə alaraq belə mehmanxanaların fəaliyyət göstərməsi müsbət addımdır. Ölkədə hotellərdə turistlərin yerləşdirilməsi üçün müvafiq standartlar var. Əgər hostel və apartamentlərin sayı çoxalsa, onlar üçün yeni standartlar hazırlana bilər. Hotel və mehmanxanalardakı xidmət səviyyəsi bizi də narahat edir. Bu gün bizdə xidmət səviyyəsinin yüksək olduğunu deyə bilmərik. Amma ötən illərlə müqayisədə böyük sıçrayış var. Nazirlik səviyyəsində müxtəlif treninq kurslar keçirilir. Hazırda Azərbaycan Turizm və Menecment Universiteti, peşə məktəbi fəaliyyət göstərir. Gələcək planda 4-5 əlavə peşə məktəbinin tikintisi nəzərdə tutulur. Peşə məktəblərinin açılması isə bu sahədə kadr çatışmazlığı probleminin həll edilməsinə müsbət təkan verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR