"Karat Holdinq" Rusiyada sanatoriya kompleksinə 25 mln. dollar yatıracaq

"Karat Holdinq" Rusiyada sanatoriya kompleksinə 25 mln. dollar yatıracaq
# 07 aprel 2017 11:27 (UTC +04:00)

"Karat Holdinq" MMC Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində müasir sanatoriya kompleksi yaradacaq. Bunu "APA-Economics"ə açıqlamasında holdinqin rəhbəri Taleh Qasımov bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən AITF-2017 beynəlxalq turizm sərgisində "Akademik" sanatoriyasının rekonstruksiyası ilə bağlı üçtərəfli saziş imzalanıb. Sənədə T.Qasımov, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və Kislovodsk şəhərinin administrasiyası sədrinin birinci müavini Maksim Naqornov imza atıb.

Holdinq rəhbəri bildirib ki, layihənin ümumi dəyəri təxminən 25 mln. dollar təşkil edir: "Bu məbləğin 60%-ini Rusiya tərəfinin güzəştli kreditləri təşkil edir, qalan hissəni isə "Karat Holdinq" öz vəsaiti hesabına təmin edəcək".

T.Qasımov bildirib ki, sözügedən layihə kurort industriyasının inkişafı baxımından ciddi potensiala malikdir: "Layihənin 3000 kilometr ətrafına nəzər salsaq görərik ki, bunun alternativi olduqca azdır. Bu isə bizim investisiya planlarımıza təsirsiz ötüşməyib. İnanıram ki, biz düzgün istiqamət seçmişik".

İlkin hesablamalara görə, layihənin reallaşdırılması 150 yeni iş yerinin yaradılmasına səbəb olacaq.

Qeyd edək ki, layihənin reallaşdırılması 1990-cı illərdən baxımsız vəziyyətdə olan 450 yerlik kompleksin rekonstruksiyasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR