Mehdiabad-Pirşağı avtomobil yolunun təmirinə başlanılıb

Mehdiabad-Pirşağı avtomobil yolunun təmirinə başlanılıb
# 14 mart 2018 13:00 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə Bakı şəhərində uzunluğu 106,4 km olan 11 qəsəbələrarası avtomobil yolu layihəsinin icrası nəzərdə tutulub.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, həmin layihələrdən biri 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur.

7,2 km uzunluğunda olan yol boyu tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılır. Belə ki, nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılır, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik yeni piyada səkiləri tikilir, kənarlarına yeni səki daşları düzülür.

Tikinti layihəsinə uyğun olaraq, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra isə yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Bu işlər 60 min kvadratmetrə yaxın sahəni əhatə edəcək.

Texnoloji ardıcıllıqla aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR