Nazirlik: Ötən ay e-xidmətlərə müraciətlərin sayı 13,2% artıb

Nazirlik: Ötən ay e-xidmətlərə müraciətlərin sayı 13,2% artıb
# 06 dekabr 2017 08:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq, son illərdə aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış infrastrukturun formalaşmasına və bu əsasda həmin sahələr üzrə 30-a yaxın elektron xidmətin əhalinin istifadəsinə verilməsinə səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş kontaktları olmadan şəffaf şəkildə təqdim olunmasına, əhalinin aidiyyəti qruplarına əlçatanlığının təmin edilməsinə imkan verən bu e-xidmətlərdən istifadə statistikası da getdikcə artır.

Bunun növbəti göstəricisi kimi, 2017-ci ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 644 710 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. O cümlədən, ötən ay müraciətlərin sayı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti üzrə 31,8 faiz artaraq 250 557-yə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti üzrə 50 faiz artaraq 20 311-ə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 13,8 faiz artaraq 27 496-ya, “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti üzrə 57 faiz artaraq 18 941-ə çatıb.

Həmçinin “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətlərə müraciətlərin sayında da mütəmadi artım özünü göstərir.

Nazirliyin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlillik təyinatlarının müvafiq göndərişi verən səhiyyə müəssisəsinin və göndərişin aid olduğu şəxsin kimliyi bilinmədən, vətəndaş-ekspert kontaktı olmadan, şəffaf şəraitdə həyata keçirilməsinə imkan yaradıb. “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətləri isə əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etmək üçündür. Bu e-xidmətlərə də maraq artmaqda davam edir. Buna misal olaraq, hər iki e-xidmətə noyabr ayında edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 42 552-yə çatıb.

Ümumilikdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə böyük sosial tələbin və ictimai marağın göstəricisi kimi, ötən dövrdə həmin e-xidmətlərə 22 milyon 200 min dəfə müraciət olunub ki, bu da “Elektron hökumət” portalına ümumi müraciətlərin 38 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR