Avropa Enerji Cəmiyyəti: "Cənub Qaz Dəhlizi" vaxtından əvvəl işə düşməyəcək

Avropa Enerji Cəmiyyəti: "Cənub Qaz Dəhlizi" vaxtından əvvəl işə düşməyəcək
# 20 aprel 2016 12:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" 2020-ci ildən tez işə düşməyəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyinə müsahibəsində Avropa Enerji Cəmiyyətinin baş katibi Yanez Kopaç bildirib.

Xatırladaq ki, bundan öncə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, "Cənub Qaz Dəhlizi" vaxtından əvvəl işə düşə bilər. Buna münasibət bildirən baş katib deyib ki, M. Şevçoviçin fikri ilə razı deyil: "Bu dəhlizə TAP layihəsi də daxildir. TAP 2020-ci ildə istismara veriləcək. Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin vaxtından əvvəl, yəni 2020-ci ildə işə düşəcəyi inandırıcı deyil".

“Cənub Qaz Dəhlizi” “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $45-47 mlrd. təşkil edir. Bunun təxminən $14 mlrd.-ı Azərbaycanın payıdır.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR