Həcc ziyarətində aksiyaya qoşulan azərbaycanlı zəvvarlar dərhal deportasiya olunacaq

Həcc ziyarətində aksiyaya qoşulan azərbaycanlı zəvvarlar dərhal deportasiya olunacaq
# 26 aprel 2016 09:41 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlardan ictimai-siyasi aksiyalara qoşulmamaları, məzhəb ayrı-seçkiliyinə yol verilməmələri, o cümlədən əmək münasibətlərinə girməmələri ilə bağlı yazılı iltizam alır.

QMİ-dən APA-ya verilən məlumata görə, idarə ilə zəvvarlar arasında ziyarətlə bağlı imzalanan müqavilənin 2.2-ci bəndində iltizama tabe olmayan zəvvarın ziyarətinin yarımçıq buraxılaraq dərhal Səudiyyə Ərəbistanından deportasiyası nəzərdə tutulub. Bənddə deyilir: “Zəvvar ziyarət zamanı heç bir siyasi aksiyada, əmək münasibətlərində iştirak etmir və olduğu dövlətin qanunlarına əməl edir, məzhəb ayrı-seçkiliyinə yol vermir. Əks təqdirdə o, vizada göstərilən müddəti nəzərə alınmayaraq həmin ölkədən deportasiya olunacaq”.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR