Azərbaycan və İndoneziya enerji sahəsində işçi qrup yaradacaq

Azərbaycan və İndoneziya enerji sahəsində işçi qrup yaradacaq
# 01 fevral 2016 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan-İndoneziya enerji forumu keçirilib.

Forumda çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan enerji sahəsində öz təcrübəsini İndoneziya ilə bölüşə bilər: “Ölkəmiz İndoneziya ilə əməkdaşlığa hazırdır”.

Nazir vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam olaraq təmin edib: “Biz bu gün heç bir ölkədən bu sahədə asılı deyilik. Əksinə, qonşu ölkələrə enerji satışını həyata keçiririk. Son dövrlər dünya bazarında neftin ucuzlaşması bizim ölkəmiz üçün bir sınaqdır. Bu, bizim iqtisadiyyatımızın strukturunu dəyişməyə imkan verəcək. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatı yenə də inkişaf edəcək və neftdən asılılıq azalacaq”.

Nazir SOCAR-ın İndoneziyada müxtəlif layihələrin həyata keçirdiyini deyib: “Azərbaycan mütəxəssisləri İndoneziya çalışa bilər, indoneziyalı tələbələr Azərbaycanın enerji və neft sahəsində təhsil ala bilərlər”.

İndoneziyanın Energetika və Mineral Ehtiyat nazirinin müavini Ronggo Kunhahio bildirib ki, iki ölkə arasında keçirilən enerji forumu bu sahədə əməkdaşlığın gücləndirilməsinə xidmət etməlidir. O bildirib ki, hazırda İndoneziyada neft çatışmazlığı var: “Bu gün bu çatışmazlıq alternativ və bərpa olunan enerji mənbələri ilə əvəz olunur. 2025-ci ildə ümumi enerji sahəsində alternativ enerjinin həcminin 23 faizə çatdırılması gözlənilir. İndoneziya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda və xam neftin alışında maraqlıdır. Bu forum bunun üçün yaxşı zəmin yaradır”.

İndoneziyalı məmur qeyd edib ki, gələcəkdə iki ölkə arasında işçi qrupu yaradılması nəzərdə tutulur və bu işçi qrupa özəl şirkətlər daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR