"Yetər ki, əmr edin!"-Prezidentə yazırlar

"Yetər ki, əmr edin!"-<span style="color: red;">Prezidentə yazırlar
# 06 aprel 2016 16:38 (UTC +04:00)

Bakı-APA. "Mən 35 il daxili işlər orqanlarında xidmət etmişəm. Hazırda təqaüddə olan polis polkovniki, müharibə veteranıyam. Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişəm. Erməni qəsbkarlarına qarşı mübarizədə xidmət etdiyim illər ərzində keçirilən döyüşlərdə, əməliyyat tədbirlərində istər Naxçıvan Muxtar Respublikasında, istərsə də Dağlıq Qarabağ və ətraf rayonlarda fəal iştirak etmişəm. Yaranmış vəziyyətlə əlaqədar indi mən döyüş bölgəsində iştirak etməyə tam hazıram. Həmçinin bütün təqaüddə olan güc strukturlarında çalışmış yüksək rütbəli zabitləri də bu döyüşdə iştirak etməyə səsləyirəm. Bu, əsgərlərdə vətənpərvərlik və ruh yüksəkliyinin daha da artmasına kömək edəcək. Xalqını, Vətənini və dövlətini sevən hər bir vətənpərvər və namuslu insan bunu sözlə yox, öz əməli ilə sübut etməlidir".

APA-nın xəbərinə görə, təqaüddə olan polis polkovniki, müharibə veteranı İsmayılov Bayram Yəhya oğlu bunu Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubunda qeyd edib.

Bu günlərdə prezident İlham Əliyevə ünvanlanmış məktublar president.az saytında yerləşdirilib. Məktublarda həm Azərbaycan vətəndaşları, həm xaricdə yaşayan azərbaycanlılar, həm də Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Ordusuna dəstəklərini ifadə edib, Ali Baş Komandandan döyüş əmri gözlədiklərini bildiriblər.

"Cəbhə xəttində ordumuzun qazandığı qələbələr münasibətilə Sizi təbrik edirəm. Bu qələbələr bizi daha böyük uğurlara ruhlandırır. Ali Baş Komandan, əminik ki, Sizin rəhbərliyinizlə ordumuz erməni faşistlərini işğal altında olan bütün torpaqlarımızdan qovacaq və qisasımızı alacağıq. Bütün Azərbaycan xalqı Sizin ətrafınızda birləşib və Sizi dəstəkləyir. Bizim ailəmiz torpaqlarımızın bütövlüyü uğrunda şəhidlər verib, yenə də bu yolda şəhid olmağa hazırıq. Biz Sizin əmrinizi gözləyirik". Bu isə Bakıdan Yusif Rzayev yazıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun kollektivi də "ordumuzun cəbhəboyu ərazilərdə bir sıra mühüm strateji məntəqələri erməni vandallarından azad etməsi xəbəri bütün Azərbaycan xalqı və ictimaiyyəti kimi Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiyaçı alimlərini də ürəkdən sevindirir. Əminik ki, Sizin rəhbərliyiniz altında və inamlı sülhsevər siyasətiniz nəticəsində bundan sonra da xalqımız, dövlətimiz qloballaşan dünyada daha mühüm demokratik, milli-siyasi zəfərlərə nail olacaq. Sizin beynəlxalq arenalarda dəfələrlə dediyiniz kimi, heç kəs Azərbaycan xalqını və dövlətini ədalətli və demokratik inkişaf yolundan döndərə bilməyəcəkdir. Bu yol bizim milli, siyasi prioritetimizdir, gələcəyimizdir və dönməzdir" deyə qeyd ediblər.

1976-ci il təvəllüdlü Bərdə sakini, Firdovsi Hüseynov isə 1993-cü ildə könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak etdiyini qeyd edib: " Ulu öndərimiz Heydər Əliyev tərəfindən hərbi xidmətdə fərqləndiyimə görə medalla təltif olunmuşam. Cənab Prezident, xahiş edirəm mənim ikinci dəfə könüllü olaraq ordu sıralarına qoşulmağım üçün göstəriş verəsiniz".

"Evin tək oğlu olmağıma baxmayaraq, könüllü olaraq Səbail hərbi komissarlığına müraciət edib birinci Qarabağ müharibəsində iştirak etmişəm. Mən və döyüş yoldaşlarım yaralansaq da əlillik statusu almamışıq ki, Vətənə lazım olan an yenə də döyüşlərə qoşularaq torpaqlarımızın qaytarılması üçün savaşaq. Müraciətlərimizə baxmayaraq, bizi döyüş bölgələrinə göndərmirlər. Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. Sizdən xahiş edirəm, bizim kimi Vətən əsgərlərinin döyüşlərdə iştirak etməyinə göstəriş verəsiniz". Bunu isə Bakı sakini Elçin Süleymanov yazır.

Yardımlı rayonundan olan Ramil Yarıyev də Ali Baş Komandandan əmr gözləyir: "Biz bu günü səbirsizliklə gözləyirdik. Torpaqlarımızı artıq geri qaytarmaq vaxtı çatmışdır. Möhtərəm cənab Prezident, biz Sizin Ali Baş Komandan kimi əmrinizi gözləyirik. Mən bir dəfə hərbi xidmətdə olmuşam. Vətən uğrunda sağ ayaq topuq sümüyümü itirmişəm. Ancaq çox şükürlər olsun ki, bu gün ayaq üstəyəm və yenə də Vətən uğrunda döyüşmək üçün mən və dostlarım Cəlilabad rayon hərbi komissarlığına gedib könüllü yazılmağa qərar verdik. Bizlər bu gün Sizin yanınızda olub əmrlərinizi canla-basla yerinə yetirməyə hazırıq. Buna tam əmin ola bilərsiniz. Sizin əmrlərinizi gözləyirik. Yetər ki əmr edin! Cənab Prezident, biz daim sizinləyik. Təkrar hərbi xidmətə gedib Vətən uğrunda döyüşmək istəyirik. Təki torpaqlarımızı mənfur düşmənlərimizdən azad edək".

Laçın rayonundan olan Elnur Hüseynov da Ali Baş Komandandan səfərbərlik əmri gözlədiyini yazıb: "Bir laçınlı olaraq mən də cəbhə xəttinə getmək və düşmənə qarşı vuruşmaq istəyirəm. Xalqımız Sizi dəstəkləyir. Son nəfəsimizə kimi əmrlərinizi yerinə yetirməyə hazırıq, yetər ki, əmr verin. İnşallah, sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq".

Türkiyə Respublikasının vətəndaşı olan, sivaslı İrfan Taştan da Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib: "Azərbaycan Ordusunun ölkənizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədə sizə dəstəyimi ifadə edərək cəbhədə döyüşməyə hazır olduğumu bildirmək istəyirəm. Allahdan sizi hifz etməsini və döyüşlərdə qalib gəlməyinizi arzu edirəm".

Türkiyənin Mersin rayonundan olan Bülent Yalçın da erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün könüllü olaraq Azərbaycan Ordusuna qoşulmaq istədiyini bildirib: "Qardaş ölkə Azərbaycana canımız fəda olsun".

Türkiyənin Uşak rayonundan olan Ünal Sarı da Azərbaycan prezidentinə məktub yollayıb. :"Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrinə endirdiyi sarsıdıcı zərbələri qürur və sevinclə izləyirik. Mən də oğlumla birlikdə Azərbaycana gəlib ikinci Vətənimiz üçün döyüşməyə hazırıq. Azərbaycana canımız fəda olsun".

Xaricdə yaşayan soydaşlarımız da Ali Baş Komandana əmrini gözlədiklərini yazırlar. Rusiyada yaşayan və hazırda bu ölkənin vətəndaşı olan Covhər Hacıyev yazır:

"Sözünüzün üstündə durub torpaqlarımızı işğalçılardan azad etməyə səylər göstərdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm.

Səfərbərlik elan edilsə, mənə bel bağlaya bilərsiniz. Mən səfərbərlik haqqında əmri gözləyirəm, daha oturub xəbərləri izləməyə tab gətirə bilmirəm. Cəbhəyə getmək, torpaqlarımızı azad etmək istəyirəm. Əmim oğlu artıq Azərbaycandadır. O da könüllülərin nə vaxt çağırılacağını gözləyir. Bu dərəcədə qətiyyətli və həqiqətən cəsarətli addıma görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqı Sizinlədir. Əsas məsələ bir addım da geri çəkilməməkdir. Əgər başladıqsa, axıradək getməliyik. Bir daha əmin oldum ki, Siz ən layiqli lidersiniz".

"Cənab Prezident, İsveçdə yaşayan və işləyən bir azərbaycanlı kimi Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, bütün qərarlarınızı hörmətlə qarşılayıram. Hazırda Azərbaycandakı vəziyyət İsveçdə yaşayan bütün azərbaycanlıları narahat edir və uzaqda da olsaq inanin ki, qəlbimiz Sizinlə döyünür. İstər ön, istərsə də arxa cəbhədə hər zaman əlimizdən gələn köməyi etməyə hazırıq. Biz artıq qələbə sevincini, bayram əhval-ruhiyyəsini yaşayırıq. Torpaq, Vətən yolunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyirik. Daha böyük qələbə irəlidədir. Cənab Ali Baş Komandan, əmrinizi gözləyirəm". Bunu isə İsveç Krallığında yaşayan Nadir Xankişiyev yazıb.

Gürcüstanda yaşayan soydaşımız Arif Kərimov da Ali Baş Komandana müraciət edib: " Cənab Ali Baş Komandan, mən Kərimov Arif Məhəmməd oğlu Gürcüstanda doğulub boya-başa çatmışam. Hazırda üç övlad atasıyam. Azərbaycan üçün bu ağır və şərəfli günlərdə doğma vətənimizin düşmən tapdağından azad edilməsi, Qarabağ torpaqlarının işğalçı ermənilərdən təmizlənməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa, bu şərəfli günlərdə soydaşlarımızla çiyin-çiyinə vuruşmağa hazıram".

Belarusun “Azərbaycan İcmaları Konqresi”nin üzvləri də prezidentə məktub ünvanlaylblar: "Belarusda yaşayan minlərlə azərbaycanlı növbəti erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərini alqışlayır, sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin düşməndən tam azad olunması xəbərinə sevinir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğunuz qətiyyətli mövqeyi və gördüyünüz işləri daim dəstəkləyirik. Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın haqlı mübarizəsində 25 il davam edən münaqişənin həllinə beynəlxalq hüququn norma və prinsipləri əsasında nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq qurumlar qəti şəkildə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Ermənistandan tələb etməlidir. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır.

Belarusda yaşayan hər bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinin həllində Sizin yanınızda olmağı, vətənimiz Azərbaycanın işğal edilmiş rayonlarının düşmən tapdağından azad edilməsi üçün lazımı tədbirlərdə yer almağı özünə borc bilir. Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanı dəstəkləyir və daim Cənab Prezidentin yanındadır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR