Moskvada Qarabağda şəhid olmuş azərbaycanlı hərbçilərin xatirəsi anılıb

Moskvada Qarabağda şəhid olmuş azərbaycanlı hərbçilərin xatirəsi anılıb
# 04 aprel 2016 19:44 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtında son günlər Qarabağda şəhid olmuş azərbaycanlı hərbçilərin xatirəsi anılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən anım mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev və diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir P. Bülbüloğlu Azərbaycan torpaqlarının 20 ildən çoxdur ki, erməni işğalı altında olduğunu söyləyib: "Azərbaycan uzun müddətdir ki, bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Lakin Ermənistanın mövcud rəhbərliyi sülh danışıqlarından yayınır. Onlar münaqişə zonasında təxribatlar törətməkdə davam edirlər. Azərbaycan bu təxribatların qarşısını alır və bu bizim tərəfdən də itkisiz ötüşmür. Son hadisələr zamanı şəhidlər vermişik. Lakin başqa çıxış yolumuz yoxdur. Şəhid olmasa, vətən olmaz. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz bu məsələni sülh yolu ilə həll etməyə hazırıq. Lakin sülh yolu ilə alınmırsa, o zaman hərbi yolla torpaqlarımızı almalıyıq".

Diplomat Rusiyada yaşayan azərbaycanlıların Qarabağda müharibənin yenidən başlanmasına biganə qalmadıqlarını sevindirici hal olduğunu qeyd edib: "Bu ölkədə yaşayan soydaşlarımız bizə müraciət edərək könüllü olaraq Qarabağa vuruşmağa getməyə hazır olduqlarını bildirirlər. Lakin müdafiə nazirimiz elan edib ki, hələlik buna ehtiyac yoxdur. Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirir. Ona görə də buna hələlik lüzum yoxdur. Həqiqətən də Rusiyada yaşayan azərbaycanlılar Qarabağ uğrunda canlarından keçməyə hazırdırlar. Mən Rusiyada yaşayan bütün azərbaycanlılara təşəkkürümü bildirirəm. Çox sağ olun ki, dəstək olursunuz".

Qeyd edək ki, bu gün çoxlu sayda soydaşlarımız Azərbaycanın Rusiyadakı səfirliyinə gələrək könüllü şəkildə Qarabağa vuruşmağa getməyə hazır olduqlarını bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR