Cavid Qurbanov: “Dəmir yolunda tariflərlə bağlı dəyişiklik olmayacaq”

Cavid Qurbanov: “Dəmir yolunda tariflərlə bağlı dəyişiklik olmayacaq”
# 17 dekabr 2015 11:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “İcra hakimiyyətləri, bələdiyyələr Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin ətrafındakı əraziləri satıblar, yol qıraqlarında qanunsuz tikililər var”.

APA-Economics”in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, bütün bu amillər sözügedən dairəvi dəmir yollu xəttinin işə düşməsini çətinləşdirir. Onun sözlərinə görə, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin istifadəyə verilməsi üçün müəyyən işlər görülməlidir: “Bakı-Sumqayıt qatar xətti düz istiqamətli deyil. Təsəvvür edin, Bakıdan çıxan Zabrata gedir, ordan Pirşağı, Novxanı, Corat və Sumqayıt stansiyasına keçir. Oradan fırlanır, Xırdalandan, Biləcəridən Bakıya keçir. Bu böyük dairədir. Bu dairənin bir xətli uzunluğu 91 kilometrdir, iki xətli uzunluğu 180 kilometrdir. Böyük yoldur. Bütün bu yolların da icra hakimiyyətləri, bələdiyyələr yolun ətrafını satıblar, yol qıraqlarında qanunsuz tikililər var. Yollardan kanalizasiyalar, qeyri-rabitə xətləri çəkilib. Bunların hamısını yeniləmək üçün xətti ayırmaq , mühafizə strukturunu qurmaq lazımdır ki, ora insanlar, heyvanlar çıxmasın, keçidlər olsun. Bu, böyük proyektidir. Bu proyekti Asiya İnkişaf Bankı 500-550 milyon dollar qiymətləndirirlər. Bu gün iqtisadiyyat zəifdir, o qədər imkanlarımız yoxdur”.

C. Qurbanov deyib ki, dairəvi dəmir yolu xətti reallaşsa, gün ərzində qatardan 20-40 min insan istifadə edəcək: “Hələlik Biləcəri, Xırdalan stansiyalarını istifadəyə verə bilməmişik. Hazırda iqtisadi gücümüz buna imkan verməsə də, gələcəyə planlaşdırırıq”.

QSC sədri qeyd edib ki, dəmir yolunda tariflərlə bağlı dəyişiklik olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR