Azər Allahverənov: "Azərbaycanda 1600-ə yaxın sığınacaq axtaran şəxs var"

Azər Allahverənov: "Azərbaycanda 1600-ə yaxın sığınacaq axtaran şəxs var"
# 13 noyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın ilk iclası keçirilib.

APA-nın məlumatına görə, Şuranın sədri Azər Allahverənov rəhbəri olduğu qurumun fəaliyyəti, məqsədi və görülən işlər barədə məlumat verib. O bildirib ki, İctimai Şura 5 nəfər QHT rəhbərinin təmsilçiliyi ilə bu ilin iyun ayında yaradılıb. Onun sözlərinə görə, şuranın yaradılmasında məqsəd miqrasiya məsələləri ilə bağlı dövlət qurumları və ictimaiyyət arasında körpü rolunu oynamaqdan ibarətdir.

O qeyd edib ki, Şura miqrantların sosial problemlərinin həlli istiqamətində müəyyən işlər görüb: "Hazırda Azərbaycanda 1500-1600-ə yaxın sığınacaq axtaran şəxs var. DMX xətti ilə 63 nəfər artıq qaçqın statusu alıb. Onlar əsasən Əfqanıstan, İran, Suriya və digər ölkələrdən olan miqrantlardır. Biz BMT Ali Komissarlığının dəstəyi ilə Şamaxıda, Bakıda və digər yerlərdə olan miqrantların geyimləri və başqa problemlərini həll etmişik. Bizə məlumat verildi ki, 63 nəfər miqrant uşaq Azərbaycan məktəblərində təhsil almaq istəyir, lakin dil bilgisi yoxdur. Biz onlar üçün Azərbaycan dili kursları təşkil etdik və həmin uşaqlar sentyabr ayından Azərbaycan məktəblərində təhsil alırlar".

Sonra miqrantların problemləri ilə bağlı Şuraya edilən 25 təklif müzakirə edilib və bu təkliflərin rəsmi şəkildə DMX-yə təqdim ediləcəyi qeyd olunub. Təkliflərdə miqrantlara vətəndaşlıq verilməsi prosedurunun asanlaşdırılması, sığınacaq axtaran şəxslərə əmək hüquqlarının verilməsi, dil kurslarının təşkili, qeydiyyat və digər məsələlər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR