Rüfət Quliyev növbəti dəfə seçiciləri ilə görüşüb

Rüfət Quliyev növbəti dəfə seçiciləri ilə görüşüb
# 28 oktyabr 2015 12:21 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, 300 nəfərdən artıq seçicinin iştirak etdiyi və iki saat yarım davam edən tədbirdə böyük qələbəlik yaşanıb.

Görüşü açan deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Əzizbala Mustafayev R. Quliyevin deputatlıq dövründəki fəaliyyətindən ətraflı bəhs edib. Sonra deputatlığa namizəd Rüfət Quliyev ölkədəki ictimai-siyası vəziyyətdən danışıb: “Azərbaycanda hökm sürən siyasi-ictimai və iqtisadi sabitlik üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük rolu var və ona öz dərin minnətdarlığımızı bildiririk”.

Sonra öz seçici platformasını açıqlayan Rüfət Quliyev bildirib ki, əgər seçicilər ona yenə də etimad göstərib deputat seçsələr, o, onları ölkənin ali qanunverici orqanında yenə də ləyaqətlə təmsil edəcək və etimadı şərəflə doğruldacaq: “Platformamda bir iqtisadçı alim kimi iqtisadi məsələlərə, ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlara geniş yer ayırmışam. Xüsusilə cənab Prezidentin son sərəncam və fərmanlarının mahiyyətini açıqlanıb, onların əhalinin rifah halının daha da yaxşılaşması üçün böyük stimul olacağı qeyd edilib”.

Deputatlığa namizəd Lənkəran rayonunun da sosial-iqtisadi inkişafından, rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təşəbbüskarlığından, onunla sıx əlaqə səraitində işlədiyini bildirib. O, vurğulamışdır ki, belə iş üsulu öz müsbət bəhrəsini verir və seçicilərin problemlərinin həllində böyük rol oynayır. Rayonda yeni iş yerlərinin açılması məsələsinə toxunan deputatlığa namizəd birmənalı şəkildə bildirib ki, kənd yerlərində iş yerlərinin taleyi kəndlinin torpağa üz tutmasından asılıdır. Əgər kənddə yaşayan şəxs gəlib rayon mərkəzindən bazardan ət, yağ, pendir, yumurta, göyərti və s. alırsa, buna nə ad vermək olar? İnsanlarda bu ətalət hissini öldürmək lazımdır. Pay torpaqlarından səmərəli istifadə olunmalıdır. Ata-babadan lənkəranlılar həmişə həyət-bacalarında əkib-becərməklə məşğul olublar. İndi də belə olmalıdır. Kəndli istehsal etdiyi məhsulla ilk növbədə öz ailəsini təmin etməli, artığını bazara çıxarmalıdır. Onda bazarda rəqabət olar və qiymətlər də aşağı düşər. Lap artıq məhsul olarsa, onda emal müəssisələri də açmaq olar ki, bu da yeni güclərin, iş yerlərinin açılmasına gətirəcək. Çalışıb buna nail olmaq lazımdır. Mən platformamda da qeyd etmişəm: “Kooperasiya haqqında” qanunun qəbulunun sürətləndirlməsi üçün bütün imkanları səfərbər edəcəyəm".

Deputat qeyd edib ki, yerli zavodların tam gücü ilə işləməsi üçün xammala ehtiyac var: "Məsələn, konserv zavodları. Onlar bildirirlər ki, meyvə-tərəvəzin təhvili az olduğundan zavod tam gücü ilə işləmir. Niyə məhsullarınızı zavoda təhvil vermirsiniz? Görünür, məhsulunuz ya azdır, ya da ki heç yoxdur. Zavodlardan deyirlər ki, məhsul çox daxil olsa, zavod tam gücü ilə işləməyə hazırdır. Bu da əlavə gəlir, əlavə iş yerləri deməkdir. Bu haqda düşünməyə dəyər və bu zalda əyləşənlər nəticə çıxarmalıdırlar. İş yerlərilə əlaqədar digər məsələ də diqqəti çəkir. Hamı çalışır ki, oxuyub hüquqşünas, gömrük işçisi, vergi sistemində işləsin. Axı, bu işçilərin sayı sonsuz həddə deyil. Çalışmaq lazımdır ki, rayona gərək olan ixtisaslar üzrə də mütəxəssislər hazırlansın. Hazırda kənd rayonlarına zootexnik, baytar həkimi, aqronom lazımdır. Nədənsə son vaxtlar bu peşələr gözdən düşüb. Texniki peşə təhsili səviyyəsində də işçilərə ehtiyac var. Öz şəxsi təcrübəmdən bilirəm ki, Lənkəranda yaxşı çilingər, elektrik, kombi ustası, mobil telefon, kömputer təmirçiləri çatışmır. Bir deputat kimi mən əvvəllər lənkəranlı gənclərin bəzilərini telefon ustası, kömputer ustası kurslarında oxutmuşam və onlar hazırda uğurla işləyirlər. Bu təcrübəni gələcəkdə də davam etdirmək lazımdır. Əvvəlki illərdə 12 nəfər gəncin ali təhsil almasına bu və ya digər dərəcədə köməklik göstərmişəm. İstedadlı gənclərə hər vəchlə kömək göstərilməlidir. Onlar bizim gələcəyimizin təminatçılarıdır".

Öz çıxışında rayonda təhsilin, səhiyyənin, digər sosial məsələlərin həllində pozitiv momentlərin baş verdiyini vurğulayan deputatlığa namizəd sonda seçiciləri seçki günündə fəal iştiraka, öz vətəndaşlıq borclarını yerinə yetirməyə, siyası iradələrini ifadə etməyə və istədikləri namizədə səs verməyə çağırıb.

Sonra Rüfət Quliyev seçicilərin çoxsaylı suallarını cavablandırıb. Tədbir iştirakçılarından Məcid Səfiyev deputatlığa namizədin əvvəlki fəaliyyətini müsbət qiymətləndirərək Sütəmurdov kəndində yollara daha çox diqqət yetirməyi gündəmə gətirib. Seçicilərdən Valeh Məmmədov, Sütəmurdov kənd orta məktəbinin direktoru Kamran Əliyev deputatlığa namizəddən xahiş ediblər ki, deputat seçiləcəyi təqdirdə məktəbin isitmə sisteminin fəaliyyət göstərməsini diqqət mərkəzində saxlasın. Görüş iştirakçıları Mərziyə İbadova, Tərlan Şükürov yeni iş yerlərinin açılması üçün tədbirlər görmək xahişi ilə deputatlığa namizədə müraciət ediblər.Görüşün sonunda deputatlığa namizəd tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Görüş başa çatdıqdan sonra bir qrup seçici onları narahat edən ümumi və şəxsi problemlər barədə Rüfət Quliyevi məlumatlandırıblar. Deputatlığa namizəd öz onlara tövsiyələrini verib, deputat seçilsə də, seçilməsə də onların həllinə səy göstərəciyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR