Şahmar Mövsümov MHŞT üzrə VII Qlobal Konfransda iştirak edib

Şahmar Mövsümov MHŞT üzrə VII Qlobal Konfransda iştirak edib
# 29 fevral 2016 14:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı il 24-25 fevral tarixlərində Perunun Lima şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair (MHŞT) VII Qlobal Konfrans keçirilib.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) “APA-Economics”ə verilən məlumata görə, MHŞT üzrə hökumət Komissiyasının sədri, fondun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edib. Konfrans çərçivəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 32 və 33-cü iclasları keçirilib. Beynəlxalq İdarə Heyəti tərəfindən MHŞT Standartlarına dəyişikliklər edilib, iki ölkəyə (Dominikan və Almaniya) namizədlik statusu verilməsi qərara alınıb. Beləcə, MHŞT-ni tətbiq edən ölkələrin sayı 51-ə yüksəlib. 4 ölkə (Konqo, Qana, Monqolustan və Filippin) 2016 MHŞT Mükafatına layiq görülüb.

Konfrans çərçivəsində, həmçinin, Beynəlxalq İdarə Heyətinə seçilmiş yeni üzvlər və Beynəlxalq İdarə Heyətinin yeni sədri, Frederik Raynfeld konfrans iştirakçılarına təqdim edilib.

“Aşağı xammal qiymətləri dövründə idarəetmənin təkmilləşdirilməsi” adlı paneldə iştirak edən Ş. Mövsümov Azərbaycanın bu sahədə təcrübəsinə dair çıxış edib.

Eyni zamanda, VII Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilib və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak edib. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, hesabatlar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR