Azərbaycanda ən gənc alim BANM-in tədqiqat mərkəzinə rəhbər təyin olunub

Azərbaycanda ən gənc alim BANM-in tədqiqat mərkəzinə rəhbər təyin olunub
# 09 fevral 2016 08:33 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) müasir ixtisaslar üzrə mütəxəssis hazırlığını və aktual mövzular üzrə elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə yaradılan Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinə Böyük Britaniyanın London İmperial Kollecinin məzunu Sənan Eminov müdir təyin olunub.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, o, bu yaxınlarda İmperial Kollecdə doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.

Sənan Eminov 1987-ci ildə Bərdə rayonunda anadan olub. O, 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal, 2004-cü ildə Almaniyada keçirilən 36-cı Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb, 2005-ci ildə Tayvanda keçirilən 37-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək qızıl medala sahib çıxıb. “Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə olaraq Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə bölməsində ən yüksək balı (229 mütləq baldan 228 bal) topladığı üçün mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub. Olimpiadalardakı uğurlarından sonra Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olan Sənan Eminov I kursu bitirdikdən sonra təhsilini Almaniyanın Beynəlxalq Bremen Universitetində davam etdirib. Sonra o, 2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistraturada təhsil alıb. Magistratura pilləsini bitirdikdən sonra Sənan Eminov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsinə qəbul olub və orada Gələcək üçün enerji (Energy Future’s Lab) və professor Tom Veltonun rəhbərlik etdiyi Üzvi kimya və ekologiya laboratoriyalarında bərpaolunan enerji sahəsi üzrə elmi tədqiqatlar aparıb. Sənan Eminov bir çox beynəlxalq elmi konfrans və simpoziumlarda əsas məruzəçilərdən biri kimi iştirak edib. Həmçinin, onun məruzələri və tezisləri beynəlxalq konfransların elmi məqalələr toplularında yer alıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, sözügedən mərkəzə rəhbər təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR