Yalamada iri süd emalı zavodu tikilir

Yalamada iri süd emalı zavodu tikilir
# 28 yanvar 2016 08:24 (UTC +04:00)

Bakı - APA-Economics. Respublikada aqroparkların yaradılması ilə bağlı ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Xaçmaz rayonunun Yalama qəsəbəsində “Südlük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi”nin bazasında 523 hektar ərazidə “Yalama Aqropark” yaradılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə “Yalama Aqropark” MMC-nin direktoru Azər Nəsibov bildirib.

Onun sözlərinə görə, layihənin ilkin mərhələsinə uyğun olaraq, dövlətin dəstəyi ilə infrastruktur qurulub, ərazidə ABŞ-ın “Valmont” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə 385 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan müasir yem zavodu və xammala tələbatın fasiləsiz ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan müasir taxıl anbarı kompleksi inşa edilib və taxıl anbarlarında məhsulun keyfiyyətli saxlanması üçün tədarük gücü saatda 30 ton olan müasir qurutma avadanlıqları quraşdırılıb: "Eyni zamanda, aqroparkda çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 40 çarpayılıq yataqxana inşa edilib. “Aqrolizinq” ASC vasitəsilə təsərrüfata “Simmental” cinsindən olan 469 baş heyvan gətirilib, yaxın günlərdə daha 500 baş cins heyvan gətiriləcək. 1000 baş sağmal olmaqla 2500 başlıq müasir heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri mart ayında yekunlaşacaq".

Müəssisə rəhbəri əlavə edib ki, aqroparkda ikinci mərhələdə gündəlik emal gücü 50 ton olan süd emalı zavodunun, 10 hektar ərazidə müasir istixana kompleksinin və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur: "Süd emalı zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar bazara çıxarılacaq. Həmçinin yem zavodunda istehsal olunan qüvvəli yem regionda fəaliyyət göstərən təsərrüfatlara satılacaq. Hazırda aqroparkda 100 nəfər çalışır və layihələrin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR