İsveçrənin Azərbaycandakı səfiri: “Ölkəmiz gömrük sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”

İsveçrənin Azərbaycandakı səfiri: “Ölkəmiz gömrük sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”
# 06 noyabr 2015 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Filip Stalderi qəbul edib.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev Azərbaycanla İsveçrə arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

A. Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan gömrük xidməti və İsveçrə Federal Gömrük İdarəsi arasında ötən il imzalanan gömrük işi sahəsində əməkdaşlıq üzrə Protokolun müddəalarına uyğun olaraq isveçrəli mütəxəssislərin iştirakı ilə keçirilmiş təlimləri müsbət qiymətləndirən DGK sədri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

F. Stalder ölkədə səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, Azərbaycan haqqında böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkəmizdə hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Ölkələr arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir F.Stalder ölkəsinin bütün sahələrdə, o cümlədən gömrük sferasında Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisinə isveçrəli mütəxəssis - Roger Hermanın rəhbərlik etməsini böyük məmnunluq hissi ilə dilə gətirən isveçrəli diplomat iki ölkənin uyğun qurumları arasında əlaqələrin gələcək perspektivlərindən də bəhs edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR