Azərbaycanda palçıq vulkanları ilə bağlı araşdırmalara başlanılıb

Azərbaycanda palçıq vulkanları ilə bağlı araşdırmalara başlanılıb
# 04 fevral 2016 14:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın palçıq vulkanlarının fəaliyyəti və geoekoloji riskin qiymətləndirilməsi istiqamətində yeni tədqiqatlara start verilib. AMEA-dan APA-ya verilən xəbərə görə, Azərbaycan şərq ərazisində - quruda və Xəzər akvatoriyasında 400-dən çox palçıq vulkanı və onun təzahürü mövcuddur.

Məlumatda bildirilib ki, vulkanların püskürmə fəaliyyəti nəticəsində yer səthinə flüid və brekçiya çıxarılır: “Bundan başqa, vulkanın gündəlik (sakit) fəaliyyəti dövründə böyük dərinlikdən qaz, minerallaşmış su, lilli palçıq və hətta bəzi vulkanlarda çoxlu neft üst səthə xaric edilir. Nəticədə, vulkan sahəsində qeyri-adı şoran torpaqlar, geokimyəvi cəhətdən nadir landşaftlar formalaşır və bu da ətraf mühitə, eləcə də canlı orqanizmlərə neqativ təsir göstərir”.

Məlumatda qeyd olunub ki, AMEA Geologiya və Geofizika İnstitutunda palçıq vulkanları uzun müddətdir müxtəlif aspektlərdən tədqiq olunur: “Lakin vulkanların fəaliyyəti ilə əlaqədar, geoekoloji riskin qiymətləndirilməsi istiqamətində elmi-tədqiqat işlərinə lazımi səviyyədə diqqət yetirilməyib. Bu tədqiqatlar, yalnız müvafiq yeni avadanlıq və cihazların əldə edilməsi, çöl-ekspedisiya işlərinin həyata keçirilməsi ilə mümkündür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Geologiya və Geofizika və Radiasiya Problemləri İnstitutlarının gənc alim və mütəxəssislərindən təşkil olunmuş tədqiqatçı qrup “Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi” layihəsi çərçivəsində yeni istiqamət üzrə tədqiqatlara başlayıb. Layihənin rəhbəri, GGİ-nun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun məlumatına görə, layihə üzrə araşdırmalar bu ilin yanvar ayından start götürüb. 50 000 manat dəyərində olan elmi-tədqiqat işinin icra müddəti 2017-ci ilin yanvar ayında sona çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR