Səfir: "Dağlıq Qarabağa səfərlər təhlükəli və qanunsuzdur"

Səfir: "Dağlıq Qarabağa səfərlər təhlükəli və qanunsuzdur"
# 13 oktyabr 2015 12:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Beynəlxalq ictimaiyyətini əksər üzvü, o cümlədən Litva tam şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə yerli “Lietuvos zinios” (Litva xəbərləri) agentliyinə müsahibəsində deyib. Səfir Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistan torpağı adlandırmasına toxunaraq bununla əlaqədar beynəlxalq reaksiyanın gəlmədiyini təəssüflə rqeyd edib:

“Beynəlxalq hüquqa zidd olan bu bəyanat Ermənistanın mövqeyini göstərir. Əgər belədirsə, onda niyə neçə ildir iddia edirlər ki, Dağlıq Qarabağ müstəqil respublikadır? Bununla yanaşı, bəyanat verilərkən Azərbaycanın və Ermənistanın xarici işlər naziri Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür və münaqişənin sülh yolu ilə həllini müzakirə edirdi. Onda düşünmək lazım gəlir: Ermənistanın hansı mövqeyi həqiqəti əks etdir? Ermənistanda inqilabi əhval-ruhiyə hökm sürür. İnsanlar iş, yüksək həyat səviyyəsi tələb edirlər. Dağlıq Qarabağla bağlı ritorika insanların fikrini gündəlik qayğılardan uzaqlaşdırmağa yönəlib. Təəssüf ki, bu yaxınlarda Dağlıq Qarabağda yenə atışma olub. Hər iki tərəf itkilər verib. Bunun erməni xalqını daxili problemlərdən yayındırmaq məqsədilə qəsdən edilməsi də mümkündür. Məhz Dağlıq Qarabağ münaqişəsi Serj Sarkisyanın hakimiyyətə gəlməsinə kömək edib. İndi də bu yoldan istifadə etmək istəyirlər. Amma hazırda erməniləri Dağlıq Qarabağın kimə məxsusluğundan çox, yaşamaq maraqlandırır”.

Səfir Azərbaycanın hər zaman münaqişənin diplomatik yolla həll edilməsinə tərəfdar olduğunu bildirib: “Lakin bizi yenə müharibə ilə təhdid etsələr, biz qorxmayacağıq. Bizim torpaqlarımız əlimizdən alınıb və biz onu qaytara biləcəyimizə şübhə etməmişik. Biz heç zaman Ermənistanın Dağlıq Qarabağı ilhaq etməsinə imkan vermərik. Öz torpaqlarımız üçün sona qədər mübarizə aparacağıq. Ermənistan bunu yaxşı anlayır. Ermənistan onu da yaxşı bilir ki, təkbətək qalsaq, xarici müdaxilə olmasa, biz torpaqlarımızı bir aya qaytarardıq”.

H. Məmmədzadə Dağlıq Qarabağa təşkil olunan səfərlərə toxunaraq bunun nəinki təhlükəli, həm də qanunsuz olduğunu deyib: “İşğal olunmuş torpaqlara səfər etmək beynəlxalq hüququn normalarına ziddir. Bunu edən şəxs Azərbaycan sərhədini qanunsuz keçmiş olur. Bu kimi səyahətləri vəd edən şəxslər Litva ictimaiyyətini aldadır. Lakin əksər insanlar Dağlıq Qarabağ münaqişəsinin nə olduğunu bilir. Bir və ya iki insanın hərəkəti Litva-Azərbaycan münasibətlərinə təsir edə bilməz. Biz Litvanın qəti və davamlı mövqeyindən məmnunuq. Sizin ölkə Azərbaycanın ərazi bütövlüyünə hörmət edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR