Tiflisdə gürcü dilində nəşr olunan “Çağdaş Azərbaycan poeziyası” adlı antologiyanın təqdimatı keçirilib

Tiflisdə gürcü dilində nəşr olunan “Çağdaş Azərbaycan poeziyası” adlı antologiyanın təqdimatı keçirilib
# 21 noyabr 2015 13:23 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gürcü dilində nəşr olunan “Çağdaş Azərbaycan poeziyası” adlı antologiyanın təqdimat mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, kitabın tərtibçisi və layihənin rəhbəri olan, “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı, "Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın vitse-prezidentiTamar Lamparadze və digər yazıçı və şairlər mərasimdə çıxış edərək yeni antologiyanın Gürcüstan-Azərbaycan dostluğuna böyük töhfə olduğunu bildiriblər.

Təqdirəlayiq hadisədir ki, kitabda müasir Azərbaycan şairlərindən 22 nəfərin şeirlərindən seçmələr tərcümə olunub. Kitab Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "QHT nəşriyyatı"nda 350 tiraj ilə çap edilib.

Tədbirdə təklif olunub ki, gürcü ədəbi mühitinin görkəmli nümayəndələrinin təşəbbüsü ilə belə bir kitab da Tiflisdə nəşr olunsun.

Layihə rəhbəri Dəyanət Osmanlı kitabın “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində nəşr olunduğunu bildirib: "Bu kitab belə tərtibatda ilk dəfədir ki, nəşr olunur. Düşünürəm ki, bizim təşəbbüsümüz ilə nəşr olunan bu antologiya gürcü ədəbi mühitinin xoşuna gələcək. Bizim məqsədimiz odur ki, gürcü ədəbi mühitində Azərbaycan ədəbiyyatı nümunələri ilə tanış olsunlar. Biz hər iki ölkənin ədəbiyyatını tərcümə edərək oxuculara çatdırmağa çalışmalıyıq. Bu müsbət ədəbi hadisədir. Bu prosesi həm Gürcüstan, həm də Azərbaycan tərcüməçiləri, ədəbi mühiti həyata keçirməlidir".

Kitabda verilən şeirləri gürcü dilini mükəmməl bilən azərbaycanlı tərcüməçilərdən İmir Məmmədli, Oqtay Kazımov, Nelli Məmmədova, həmçinin gürcü tərcüməçiləri Zezva Medulaşvili, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.

“Çağdaş Azərbaycan poeziyası” antologiyasının nəşr məsləhətçisi professor Nizami Cəfərovdur.

Kitab Gürcüstanda yaradıcılıqla məşğul olan ədəbi mühitin görkəmli nümayəndələrinə, soydaşlarımıza və məktəb və universitetlərə hədiyyə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR