Latviya parlamentinin deputatı: “Xocalı hadisəsi soyqırımıdır”

Latviya parlamentinin deputatı: “Xocalı hadisəsi soyqırımıdır”
# 24 noyabr 2015 14:47 (UTC +04:00)

Riqa. Mübariz Aslanov - APA. “Xocalı hadisəsi soyqırımıdır, bu kimi hadisələrə beynəlxalq məhkəmədə baxılmalıdır, hüquqi qiymət verilməlidir”.

Bunu APA-ya Latviya parlamentinin deputatı, Valmera şəhərinin keçmiş meri İnesis Bokis bildirib. İ. Bokis deyib ki, sivil dünyada belə hadisələrin törədilməsi çox pis örnəkdir və belə hadisələrə hüquqi qiymət verilməlidir ki, təkrarlanmasın: “Təbii ki, iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək fikrində deyilik. Bununla müəyyənləşdirilmiş vasitəçi ölkələr məşğul olur. Biz istəyirik ki, münaqişənin həlli ədalətli olsun və ərazi bütövlüyünün bərpası ilə yanaşı, törədilmiş cinayətlərə beynəlxalq səviyyədə qiymət verilsin. Əks halda bu, yaxşı nəticələr verməyəcək. Son illər münaqişə ocaqlarına bəzi hallarda ədalətsiz yanaşmalar nəinki onun həllini tezləşdirib, əksinə yüzlərlə, minlərlə insan ölümünə səbəb olub. Biz müharibənin, qırğınların əleyhinə olan sivil dünyanın siyasətçiləriyik və addımlarımızı buna görə atmalyıq”.

Deputat qeyd edib ki, Xocalı soyqırımı və Azərbaycanın üzləşdiyi təcavüzlə bağlı məlumatların daha geniş miqyasa yayılmasının təmin etmək lazımdır: “Son illərdə Latviyada yaşayan azərbaycanlıların bu sahədə təbliğatı, informasiya axını fəaldır. Məhz bundan irəli gələrək bu ilin fevral ayında Latviya parlamentində biz 52 deputat Xocalı faciəsi ilə bağlı bəyanat imzaladıq. Hesab edirəm ki, bu işi davam etdirmək lazımdır”.

Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR