Rabitə və yüksək texnologiyalar naziri Astarada rayon ictimaiyyəti ilə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Astarada rayon ictimaiyyəti ilə görüşüb
# 02 fevral 2016 18:00 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Fevralın 2-də Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara Rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyəti ilə görüşüb. Görüşü giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev yanvarın 26-da prezident İlham Əliyevin sədrliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ildönümü ilə əlaqədar keçirilən konfransda dövlət başçısının nitqindən irəli gələn vəzifələr haqqında danışıb.

Dövlət Proqramları çərçivəsində Astarada da irihəcmli sosial layihələrin həyata keçirildiyini bildirən Q. Ağayev bu işlərin davamlı olduğunu, rabitə və kommunikasiya sahəsində də müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Azərbaycan prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələr haqqında danışaraq dinamik inkişafa nail olunmaq üçün bu sahədə qarşıda duran perspektivlərdən söz açıb.

Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlər müvafiq olaraq ölkəmizdə telekommunikasiya şəbəkəsinin elektronlaşma səviyyəsi 100 faizə çatdırılıb, telefon şəbəkəsinin 45 faizi ən son texnologiyalar əsasında yenidən qurulub, 900-dən çox poçt şöbəsi, 10 poçt filialı üçün yeni binalar tikilib. Əhalinin 90 faizindən çox hissəsi rəqəmli televiziya yayımı ilə əhatə olunub, genişzolaqlı internet xidmətlərinin tətbiqinə başlanılıb.

Dövlət proqramlarının icrasının öz bəhrəsini verdiyini qeyd edən nazir R. Quluzadə bu gün regionlarımızın müasir infrastruktur və inkişaf tempinə görə bəzi sahələr üzrə paytaxtı qabaqladığını vurğulayıb.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları çərçivəsində rabitə sahəsində də aparılan işləri diqqətə çatdıran R.Quluzadə son texnologiyalar əsasında müasir telekommunikasiya xidmətlərinin, yeni poçt şöbələrinin, genişzolaqlı internet xidmətlərinin, teleradio yayımının coğrafiyasının regionlara doğru genişləndiyini bildirib.

Astara rayonunda rabitə və yüksək texnologiyalar sahəsində görülən işlərə toxunan nazir R. Quluzadə rayon üzrə telefon şəbəkəsinin tutumunun artırıldığını, genişzolaqlı internetin şəbəkəsi və teleradio yayımı sahəsində olan problemlərin həlli istiqamətində işlərin ardıcıl davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, iki il ərzində Astara rayonunun telefon şəbəkəsi üzrə 9500 nömrənin və 8000-ə yaxın genişzolaqlı xidmət avadanlığının istismara verilməsi, 3760 nömrə tutumlu yeni ATS-lərin quraşdırılması və 300 kilometrə yaxın yeni optik kabellərin çəkilməsi nəzərdə tutulub.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan da yan ötməyib. Azərbaycan Prezidentinin antiböhran tədbirləri ilə bağlı imzaladığı sərəncamlar bütün qüvvələri səfərbər etməklə qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açır.

Astarada da telekommunikasiya sahəsində müəyyən işlərin görüldüyünü vurğulayan R.Mahmudov rayonun ucqar dağ kəndlərində və yeni salınmış yaşayış məntəqələrində kommunikasiya, o cümlədən poçt və rabitə xidmətinin yaxşılaşdırılması istiqamətlərində təkliflərini bildirib.

Görüşdə həmçinin rayon ictimaiyyəti nümayəndələrinin rabitə və kommunikasiya sahəsində üzləşdikləri problemlərlə bağlı təklifləri dinlənilib.

Görüş başa çatdıqdan sonra nazir R.Quluzadə rayon sakinlərinin üzləşdikləri problemlərlə və mövcud çatışmazlıqlarla yerində tanış olub və onların həlli üçün aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR