Macarıstanın aparıcı siyasi partiyası Xocalının ildönümü ilə bağlı açıqlama yayıb

Macarıstanın aparıcı siyasi partiyası Xocalının ildönümü ilə bağlı açıqlama yayıb
# 03 mart 2016 11:37 (UTC +04:00)

Bakı – APA. Macarıstan parlamentində təmsil olunan ikinci böyük siyasi partiya - Daha Yaxşı Macarıstan Uğrunda Yobbik Partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı press reliz yayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklərdən və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən bu mühüm sənəd ölkənin aparıcı KİV-lərində dərc edilib.

Press-relizdə Azərbaycan xalqının 1988-ci ildə elan olunmamış müharibə nəticəsində erməni təcavüzü ilə üzləşdiyi, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Xocalıda sadəcə etnik mənsubluğa görə 83 nəfəri uşaq, 106 nəfəri qadın olmaqla, 613 nəfər dinc sakini amansızcasına qətlə yetirdikləri qeyd olunur. Ermənistanın bu gün də Azərbaycanın torpaqlarının beşdə birini işğal altında saxladığının açıq şəkildə vurğulandığı sənəddə, törədilən qanlı cinayətlərə baxmayaraq, Azərbaycanın münaqişənin hərbi yolla deyil, diplomatik danışıqlar vasitəsilə həllinə çalışdığı bildirilir.

Yobbik Partiyası ermənilərin Azərbaycana qarşı təcavüzünü qətiyyətlə qınadığını, Azərbaycanın tarixi ədalətin bərpası, münaqişəni həlli və uzunmüddətli sülh yaratmaq istiqamətindəki səylərini dəstəklədiyini bildirib. Sənəddə eyni zamanda Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur, Xocalı soyqırımı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilir.

Partiyanın sədri Qabor Vona səfir Vilayət Quliyevə ünvanladığı ayrıca məktubda faciəli hadisənin ildönümü münasibətilə Azərbaycana rəhbəri olduğu partiyanın kədər və təəssüfünü çatdırmağı xahiş edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR