Millət vəkilləri Bakı limanına səfər ediblər

Millət vəkilləri Bakı limanına səfər ediblər
# 05 oktyabr 2016 14:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitə üzvləri Ələt qəsəbəsində yerləşən yeni Bakı limanına səfər ediblər.

"APA-Economics" xəbər verir ki, səfər çərçivəsində Bakı limanının baş direktoru Taleh Ziyadov millət vəkillərinə yeni Bakı limanının inkişaf konsepsiyası haqqında məlumat verib və yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini qeyd edib.

Daha sonra millət vəkilləri yeni Bakı limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. Bundan əlavə əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, eləcə də Bakı Limanında fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verib.

Millət vəkili Z. Səmədzadə yeni Bakı Limanının prezidentin elan etdiyi ciddi islahatlar proqramında mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, Ələtdə yeni Bakı Limanı və Azad Ticarət Zonasının yaradılması həm Azərbaycan, həm də regional inkişafa təsir edəcək: “Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq. Ələt qəsəbəsinin sakinləri işlə təmin olunacaq, xidmət və logistika sahəsində çalışan mütəxəssislərə tələbat artacaq. Bütün bunla prezident İlham Əliyevin iqtisadi və sosial siyasətinin tam mahiyyətini əhatə edərək vətəndaşların sosial rifahına müsbət təsir göstərəcək və dünyada tanınan qlobal şirkətlərin ölkəmizə sərmayə qoymasına səbəb olacaq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 17 may 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixdə məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti arasında müqavilə imzalanıb.

“DP World” 1985-ci ildən fəaliyyət göstərən Jəbəl Əli limanı və Sərbəst Zonası (JAFZA) üzrə daha 50 ölkədə 77 quru və dəniz terminalını idarə edir. Müqaviləyə əsasən, məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökumətinə və Bakı Limanına məsləhətlər verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR