Berni Sanders Vaşinqton və Alyaska ştatlarında partiyadaxili seçkilərdə Hillari Klintona qalib gəlib

Berni Sanders Vaşinqton və Alyaska ştatlarında partiyadaxili seçkilərdə Hillari Klintona qalib gəlib
# 27 mart 2016 06:25 (UTC +04:00)

Bakı-APA. ABŞ-da senator Berni Sanders Vaşinqton və Alyaska ştatlarında Demokrat Partiyanın fəalları arasında keçirilən ilkin seçkilərdə sabiq dövlət katibi Hillari Klintona qalib gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, B. Sanders Vaşinqtonda səslərin 72 faizini, H. Klinton 28 faizini qazanıb.

Alyaskada isə B. Sanders səslərin 82 faizini, H. Klinton 18 faizini qazanıb. Beləliklə, B. Sanders 100 qurultay nümayəndəsinin, H. Klinton 40 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Havay ştatında isə səslərin sayılması prosesi hazırda davam edir.

Qeyd edək ki, buna qədər H. Klinton digər ştatlarda keçirilən ilkin seçkinin nəticələrinə əsasən 1691, B. Sanders isə 949 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Ekspertlər hesab edirlər ki, B. Sanders ümumi qələbəni təmin etmək üçün qalan ştatlarda keçirilən ilkin seçkilərdə qurultay nümayəndələrinin 60 faizinin dəstəyini təmin etməlidir ki, bu da praktiki olaraq mümkün deyil. Sorğulara əsasən H. Klinton hələ də həm ştatların əksəriyyətində, həm də ümumən ölkədə demokratlar arasında daha populyardır.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. Demokratlar və Respublikaçılar öz namizədlərini iyul ayında rəsmən elan edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR