Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin müəssisələrində başçəkmə keçiriblər

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin müəssisələrində başçəkmə keçiriblər
# 21 dekabr 2015 12:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkum fərdi qaydada dinlənilib, onlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb. Habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, bəzi müraciətlər yerində araşdırılıb. Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin yataqxana, tibb-sanitar hissə, karantin otağı, cərimə təcridxanası, görüş yerləri və digər obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Penitensiar Xidmətinin 2 və 17 saylı cəzaçəkmə müəssisələrinə plandankənar başçəkmələr həyata keçirilib. Ombudsmana ünvanlanmış müraciətlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində həmin müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-nin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR