AZƏRTAC-ın layihəsi OANA-ya üzv agentliklər arasında ilk beşliyə daxil olub - FOTO

AZƏRTAC-ın layihəsi OANA-ya üzv agentliklər arasında ilk beşliyə daxil olub - <span style="color: red;">FOTO
# 17 noyabr 2015 07:55 (UTC +04:00)

Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı İcraiyyə Komitəsinin 39-cu iclası keçirilir

Bakı-APA. Koreyanın paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası keçirilir.

APA-nın “AZƏRTAC”a istinadın verdiyi məlumata görə, OANA-nın baş katibi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sədrliyi ilə keçən İcraiyyə Komitəsinin iclasında bir sıra təşkilati məsələlər müzakirə olunub, Komitənin Kuala-Lumpurda keçirilmiş iclasının gündəliyi təsdiq edilib.

İclasda OANA-nın “Mükəmməllik” mükafatının qalibi müəyyənləşdirilib. Təşkilatda ilk dəfə keçirilən bu layihə çərçivəsində OANA-nın üzv agentlikləri reallaşdırdıqları layihələri təqdim ediblər. Agentliklər arasında keçirilən səsvermənin nəticələrinə görə, 35 ölkədən 44 agentlik arasında birinci yerə Yonhap, ikinci yerə Anadolu, üçüncü yerə TASS, dördüncü yerə Sinxua, beşinci yerə isə AZƏRTAC layiq görülüb.

İclasda Rusiyanın “Rossiya Seqodnya” informasiya agentliyi OANA-ya üzv qəbul edilib. Bundan əlavə, iştirakçılar təşkilatın İcraiyyə Komitəsinin növbəti iclasının gələn ilin aprelində Bəhreyndə keçirilməsi barədə qərar qəbul ediblər.

Sonra agentlik rəhbərləri “Mobil çevriliş dövründə xəbər agentliklərinin imkanları və perspektivlər” mövzusunda fikir mübadiləsi aparıblar.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, informasiya texnologiyaları sahəsində müşahidə edilən inqilabi yeniliklər xəbər agentliklərinin yeni çağırışlara hazır olması üçün daha intensiv çalışmasını zəruri edir. Bu çağırışlar arasında sosial medianın sürətli inkişafı, informasiya yayımı üçün yaradılan müxtəlif platformalar xəbər agentliklərinin diqqətindədir. Sosial media və mobil texnologiyaların hazırda sıx vəhdət təşkil etdiyini vurğulayan A.Aslanov deyib ki, bunu artıq informasiya yayımının özəyi də adlandırmaq olar.

Azərbaycanda internet istifadəçilərinin sürətlə artdığını bildirən baş direktor ölkənin mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricisini 17 faiz üstələdiyini vurğulayaraq deyib ki, artıq ölkə əhalisinin 74 faizi internetdən istifadə edir.

Anadolu agentliyinin baş direktorunun müavini Metin Mutanoğlu mobil texnologiyaların təqdim etdiyi üstünlüklər haqqında məlumat verib. O, Anadolu Agentliyinin sosial media ilə mobil texnologiyaların imkanlarının birləşdirərək xəbərlərin daha operativ yayılmasına çalışdığını və bunun üçün yeni platformanın yaradıldığını bildirib.

İclasda Yaponiyanın Kyodo, Malayziyanın Antara və digər agentliklərin rəhbərləri mobil texnologiyaların inkişafı dövründə xəbərlərin istifadəçilərə çatdırılması, yeniliklərin tətbiqi, sosial medianın xəbər yayımına təsiri və digər məsələlər haqqında danışıblar. Həmçinin Böyük Britaniyanın Press Association agentliyinin rəhbəri Klayv Marşal, Reuters-in Kanada üzrə baş meneceri Don Dörfi də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

İcraiyyə Komitəsi işini bu gün də davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR