Səhiyyə Nazirliyi: "Donuz qripi" təhlükəsi ilə əlaqədar Azərbaycanda epidemioloji nəzarət gücləndirilib

Səhiyyə Nazirliyi: "Donuz qripi" təhlükəsi ilə əlaqədar Azərbaycanda epidemioloji nəzarət gücləndirilib
# 14 yanvar 2016 15:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Son dövrlər dünya əhalisini təşvişə salan "donuz qripi"nə yoluxma halları Azərbaycanda qeydə alınmayıb. Ölkəmizdə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Lakin bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə kəsb etdiyindən, bu, profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir”, - deyə qeyd olunub.

Məlumatda bildirilib ki, bu məqsədlə 8 dekabr 2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb: “Əmrdə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb”.

Nazirlikdən deyilib ki, qriplə mübarizə məsələlərində əhali əhəmiyyətli rol oynayır: "Bu baxımdan əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. “Donuz qripi” mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşayiət olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə edilir. Daxili orqanlar, xüsusən ağciyərlər zədələnir. Əhalidən xəstəliyin əlamətləri özünü büruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət xahiş olunur. Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməməyi də tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR