“Qafqaz İnkişaf Bankı"nın Gürcüstanda törəməsinə inzibatçı təyin olunub

“Qafqaz İnkişaf Bankı"nın Gürcüstanda törəməsinə inzibatçı təyin olunub
# 19 avqust 2016 13:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Gürcüstan Milli Bankı Azərbaycanda lisenziyası ləğv olunmuş “Qafqaz İnkişaf Bankı“nın bu ölkədə törəmə müəssisəsi olan “Qafqaz İnkişaf Bankı-Gürcüstan” ASC-yə müvəqqəti inzibatçı təyin edib.

APA-Economics” xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Milli Bankının saytında yerləşdirilib.

Məlumatda bildirilib ki, bu qərar Azərbaycanda bankın baş ofisi ilə bağlı baş verən hadisələrlə əlaqədar olaraq verilib. Gürcüstan Milli Bankından bildirilib ki, bankın Gürcüstandakı fəaliyyətində heç bir problem olmayıb: “Gürcüstanın bank sistemində ümumi aktivlərin 0,14%-nə sahib olan “Qafqaz İnkişaf Bankı-Gürcüstan” müştərilərə xidmət etməkdə davam edir”.

Gürcüstan Milli Bankından bildirilib ki, bankın kapital və likvidlik səviyyəsi kifayət qədər yüksəkdir və lazım gələrsə müvəqqəti inzibatçı kreditorların, o cümlədən əmanətçilərin tələblərini tam həcmdə yerinə yetirə bilər.

“Bununla yanaşı, biz bəyan edirik ki, Gürcüstanın bank sektoru sağlamdır, beynəlxalq təcrübəyə uyğun olaraq tənzimlənir və Gürcüstan Milli Bankının bütün qərarları bank sektorunun davamlı və sabit inkişafına yönəlib, - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC-nin bank lisenziyaları ləğv edilib. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub. Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR