Moskvanın “Dərviş” Teatrı Akademik Milli Dram Teatrında çıxış edib

Moskvanın “Dərviş” Teatrı Akademik Milli Dram Teatrında çıxış edib
# 22 oktyabr 2015 09:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Moskvanın “Dərviş” Teatrının aktyorları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış ediblər.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl bildirilib ki, “Dərviş” Teatrı Azərbaycanın klassik və müasir dramaturqlarının əsərlərini səhnələşdirir, müxtəlif teatrlarda təqdim edir. Teatr Azərbaycan mədəniyyətinin Rusiyada təbliğ edilməsi istiqamətində indiyədək bir neçə uğurlu layihə həyata keçirib.

Moskva “Dərviş” Teatrı M.F.Axundovun “Sərgüzəşti- vəziri-xani-Lənkəran”, xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir”, xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşaları ilə müxtəlif teatr səhnələrində çıxış edib.

Daha sonra teatrın kollektivi xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru “Dərviş” teatrının bədii rəhbəri Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir. Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna və Meri Tateşvili rol alıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, B. Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR