Azərbaycan Ordusunun şəhid olmuş hərbçiləri dəfn olunur - YENİLƏNİR

Azərbaycan Ordusunun şəhid olmuş hərbçiləri dəfn olunur - <span style="color: red;">YENİLƏNİR
# 11 aprel 2016 15:14 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Adilzadə Adil Kamran oğlu bu gün doğulduğu Mingəçevir şəhərində dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olan kiçik çavuş Adil Adilzadə Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib.

Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, şəhid Adil Adilzadənin döyüş meydanında qalmış meyiti dünən Azərbaycan tərəfə təhvil verilib.

Mərasimdə şəhidin atası Kamran Adilzadə oğlu ilə fəxr etdiyini bildirib. Şəhid atası əsgərlərimizlə qürur duyduğunu və düşmənlərdən oğlunun qisasını alacaqlarına inandığını bildirib.

***

16:10

Tovuz. Azər Məmmədli – APA. Şəhid gizir Tovuzda dəfn olunub.

APA-nın qərb bürosunun məlumatına görə, cəbhədə gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan 1994-cü il təvəllüdlü gizir Cəfərov Mirsalam doğulub boya başa çatdığı Tovuz rayonu Bayramlı kəndində torpağa tapşərələb.

Mərasimdə icra strukturlarının rəhbərləri, millət vəkili Qənirə Paşayeva, ictimayyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

M. Cəfərov ailənin sonbeşiyi olub.

Hərbi orkestrin sədaları və yaylım atəşı altında dəfn edilən şəhidin tabutu üzərinə sərilən üç rəngli bayraq əbədi xatirə olaraq atası Təvəkkül Cəfərova verilib.

***

saat 16.10

Naftalan. Azər Məmmədli - APA. Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan kapitanı, 37 yaşlı Bayramov Vaqif Dilqəm oğlu anadan olduğu Naftalan şəhərində torpağa tapşırılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dəfn mərasimində doğmaları ilə yanaşı, yüksək rütbəli zabitlər, şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti, şəhər icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayramovlar ailəsinin digər oğlu Mehman 1992-ci ildə Ağcakənd uğrunda döyüşlərdə şəhid olub.

Şəhidin ruhuna dualar oxunub. Zabit yaylım atəşi altında, şəhid qardaşı Mehmanın qəbrinin yanında torpağa tapşırılıb. Tabutunun büründüyü Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Vaqif Bayramovun üç övladı var.

***

13.53

İmişli. Əlibəy Zeynallı, Kürdəmir. Zahid Abışov-APA. Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1989-cu il təvəllüdlü Dədəkişiyev Cavid Gülbaba oğlu anadan olduğu İmişli rayonunun Qaralar kəndində dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, dəfn mərasimində rayonun icra, digər strukturlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib.

Şəhidin tabutuna çəkilən dövlət bayrağı atasına təqdim olunub.

Döyüşlərdə şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Tural Gülsad oğlu Qurbanov isə doğulduğu Kürdəmir rayonunun Sığırlı kənddə torpağa tapşırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbçilər, millət vəkilləri, minlərlə rayon sakini iştirak edib.

Şəhid T. Qurbanovun iki övladı var.

***

Astara. Ağəddin Babayev - APA. Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri, 1981-ci il təvəllüdlü Pəncəli Nurməmməd oğlu Teymurov bu gün doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib.

***

12.48

Şəki. Vüqar Heydərov - APA. Azərbaycan Ordusunun ermənilərin hücumu zamanı şəhid olan baş leytenantı, 1989-cu il təvəllüdlü Elnur İsgəndər oğlu İsgəndərov dəfn edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhid hərbçimiz doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, E. İsgəndərovun döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

***

11:22

Zaqatala. Vüqar Heydərov – APA. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Sərxan Oqtay oğlu Bayramov dəfn edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, S. Bayramov doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala İcra Hakimiyyətinin, Rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların və ictimaiyyət nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR