"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Rusiyanın Nijni Novqorod şəhərində anım tədbiri keçirilib

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Rusiyanın Nijni Novqorod şəhərində anım tədbiri keçirilib
# 25 fevral 2016 23:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Nijnı Novqorod şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılan “Xocalıya ədalət” kampaniyasının bu il Rusiyada ərazisində keçirilməsinə ilk olaraq Nijni Novqorodda start verilib.

Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Ümumrusiya Azərbaycan Konqresinin Nijeqorod vilayəti üzrə regional bölmələrinin təşkilatçılığı ilə keçirilən anım tədbiri soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

AMOR-un Nijni Novqorod nümayəndəliyinin rəhbəri Roman Ağayev çıxışında tədbir iştirakçılarına Xocalı soyqırımının mahiyyətini açıqlayıb, erməni təcavüzkarlarının dinc sakinlərə qarşı törətdiyi vəhşiliklərdən bəhs edib. Diaspor rəhbəri qeyd edib ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının məqsədi qisas deyil, ədalətin təntənəsinə nail olmaqdır: "Ümid edirəm ki, Leyla Əliyevanın rəhbərliyi və birbaşa iştirakı ilə yüksək səviyyədə düzənlənən və dünyanın bir çox ölkələrində aparılan kampaniya Rusiyada da Xocalı faciəsinin məhz soyqırımı kimi tanınmağına gətirib çıxaracaq".

“Xocalıya ədalət” kampaniyasının çərçivəsində hazırlanmış fotoslayd tədbir iştirakçılarının xüsusi diqqətinə səbəb olub.

Daha sonra AMOR-un nəzarət-təftiş komissiyasının üzvü Ruslan Eyvazov “Xocalıya ədalət” kampaniyasının ətraflı təqdimatını keçirib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mərhələlərindən söz açıb, Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması və dünya ictimaiyyətinin bu barədə geniş məlumatlandırılması baxımından “Xocalıya ədalət” kampaniyasının mahiyyətindən və nəticələrindən danışıb.

Tədbirdə çıxış edənlər Leyla Əliyevanın rəhbərliyi ilə dünya ölkələrində fəal şəkildə aparılan kampaniyanın həm Qarabağ həqiqətlərinin, ümumilikdə isə Azərbaycan reallıqlarının təbliği işində böyük rolunu qeyd ediblər. Kampaniyanın uğurla davam etdirilməsi üçün azərbaycanlıların daha da sıx birləşib hər bir sahədə fəal olmasının zəruriliyini vurğulayıblar.

Tədbirdə sərgilənən Qarabağ münaqişəsi və Xocalı soyqırımına aid ədəbiyyat və Heydər Əliyev Fondunun multimedia məhsulları da qonaqların diqqətini cəlb edib.

Sonda tədbirdə Heydər Əliyev Fondunun istehsal etdiyi “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR