Ermənilərin Tərtərdə dinc sakinləri atəşə tutması faktına dair cinayət işi başlanıb

Ermənilərin Tərtərdə dinc sakinləri atəşə tutması faktına dair cinayət işi başlanıb
# 04 aprel 2016 15:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətməkdə davam edir.

Tərtər rayon prokurorluğu və rayon polis Şöbəsindən APA-ya verilən birgə məlumatda qeyd olunur ki, Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Belə ki, aprelin 3-də saat 21:00 radələrində erməni silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri ,1968-ci təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşüb, aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən 3-ü Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılıb, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı isə qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR