Kristian Vigenin: “Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT PA-nın töhfə verməsi vacibdir”

 Kristian Vigenin: “Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT PA-nın töhfə verməsi vacibdir”
# 11 aprel 2016 16:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATƏT PA-nın bu gün keçirilən büro iclasında qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin hesabatında bildirib.

O, hesabatında aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş toqquşma, ölən və yaralananlar haqında da məlumat verib. K. Vigenin ATƏT-in Minsk qrupunun daha aktiv olması və problemin həllinə yardım etməsini və bu prosesə ATƏT PA-nın töhvə verməsinin vacibliyini də qeyd edib.

Müzakirələr zamanı söz alan millət vəkili Azay Quliyev təmas xəttində baş verən hadisələrdən danışıb: “Son zamanlar Ermənistanın silahlı təxribatı üzündən təmas xəttində baş verən hadisələr həqiqətən çox üzücüdür. Burada sizin diqqətinizi iki mühüm məsələyə cəlb etmək istərdim. Birincisi, məlumunuz olsun ki, təmas xətti boyunca Ermənistanın nəzarəti işğal etdiyi ərazilərdən fərqli olaraq, Azərbaycan tərəfdə yaşayış məntəqələri təmas xəttinə çox yaxındır və beləcə mülki əhali daim Ermənistanın hədəfinə çevrilir. Məhz bu səbəbdən Ermənistanın hücumları nəticəsində mülki əhalimiz arasında itkilər və yaralılar var. 6 vətəndaş, o cümlədən 16 yaşından kiçik 2 uşaq öldürüldü, 24 mülki şəxs müxtəlif xəsarətlər aldı. 206 şəxsi evə, 69 elektrik dirəyə, 28 məktəbə böyük ziyan vurulub.

İkinci mühüm məqam odur ki, Azərbaycan öz torpaqlarında öz insanlarını müdafiə edir. Biz Ermənistan torpaqlarını işğal etməmişik və Ermənistanla hər hansı neytral ərazidə vuruşmuruq. Onu da qeyd edim ki, silahlı provokasiyanın qarşını almaq və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri cavab tədbirlərini görüb. Buna baxmayaraq, aprelin 3-ü beynəlxalq ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alaraq, münaqişənin siyasi yolla həllinə sadiqliyini nümayiş etdirmək üçün Azərbaycan Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca bütün əks-hücum tədbirlərinin birtərəfli qaydada dayandırılmasını elan edib. Bununla yanaşı mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ermənistanla müharibə etmək istəmir. Biz qan tökülməsini istəmirik. Biz gənc əsgərlərin və mülki əhalinin ölməsini istəmirik. Eyni zamanda, mən onu da bildirmək istəyirəm ki, biz münaqişəni həll etməyən və danışıqları imitasiya edən proseslərdə maraqlı deyilik. Bizim danışıqlar fonu yaratmaq xətrinə sonsuz bir prosesdə iştirak etmək niyyətimiz yoxdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir və bunun alternativi yoxdur. Ermənistan danışıqlarda səmimiyyət nümayiş etdirib Azərbaycanın torpaqlarından çıxmalıdır. ATƏT-in Minsk qrupundan və onun həmsədrlərindən bu istiqamətdə təsirli addımlar atmasını gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR