Bakıda qayın yeznəsini bıçaqlayaraq qətlə yetirib

Bakıda qayın yeznəsini bıçaqlayaraq qətlə yetirib
# 21 yanvar 2016 01:24 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakıda qətl hadisəsi törədilib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Xasməmmədov küçəsində baş verib.

15 gün əvvəl ata olan 25 yaşlı Asif Tahir oğlu İsmayılov həyat yoldaşı və övladına baş çəkmək üçün qayınatasının evinə gedib. Orada Asif İsmayılovla 20 yaşlı qaynı Ziya Dilən oğlu Əzizov arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəsini bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təslim olub.

İlkin məlumata görə, qətllə nəticələnən mübahisəyə borc pul söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından faizlə 2000 manat alıb. Borc vaxtında qaytarılmayıb və Asifin bacısı narazılığını bildirib. Bu səbəbdən Asiflə qaynı Ziya arasında mübahisə düşüb.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR