Azərbaycanda səhm və istiqrazların tədavülü qaydası müəyyənləşib

Azərbaycanda səhm və istiqrazların tədavülü qaydası müəyyənləşib
# 07 yanvar 2016 14:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydasını müəyyən edir.

Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli kağızdır. Baza aktivi xarici emitent (baza aktivinin emissiyasını həyata keçirən Azərbaycan Respublikasından kənarda qeydiyyata alınmış hüquqi şəxs) tərəfindən emissiya edilən səhmlər və ya istiqrazlardır. Xarici depozitar depozitar qəbzlərinin baza aktivi olan qiymətli kağızlara dair hüquqların uçotunu aparan xarici təşkilatdır. Depozitar qəbzlərinin buraxılışı mərkəzi depozitar tərəfindən həyata keçirilir. Ən azı “BBB-“ (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody's” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olan xarici emitentlərin qiymətli kağızları depozitar qəbzlərinin baza aktivi ola bilər.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən depozitar qəbzlərinin buraxılışı dövlət qeydiyyatına alınır və onların emissiya prospekti təsdiq edilir. Komitə depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatı və emissiya prospektinin təsdiq edilməsi üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 20 iş günü müddətində baxır, emitentə qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospektinin təsdiq olunması haqqında yazılı bildiriş təqdim edir. Depozitar qəbzlərinin buraxılışı haqqında qərar mərkəzi depozitarın müşahidə şurası tərəfindən qəbul edilir. Depozitar qəbzlərinin buraxılması haqqında müqavilə mərkəzi depozitar və xarici emitent və ya baza aktivinin mülkiyyətçisi (baza aktivi onların mülkiyyətçisi tərəfindən təqdim edildiyi halda) arasında bağlanmalıdır. Depozitar qəbzlərinin yerləşdirilməsinin dayandırılması Komitənin qərarı ilə depozitar qəbzlərinin reklamı, yerləşdirilməsi və ya onlara abunə yazılışı üzrə tədbirlərin dayandırılmasıdır. Depozitar qəbzlərinin yerləşdirilməsi kütləvi təklif üsulu ilə fond birjasında həyata keçirilir. Depozitar qəbzlərinin yerləşdirilməsi başa çatdıqdan sonra 10 iş günü müddətində mərkəzi depozitar depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabatı Komitəyə təqdim etməlidir. Depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabat Komitə tərəfindən təsdiq edildiyi andan həmin buraxılışa daxil olan, lakin yerləşdirilməyən depozitar qəbzlər dövriyyədən çıxarılmış hesab edilir.

Komitə emissiya prospektində və ya depozitar qəbzlərinin buraxılışı haqqında qərarda müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə buraxılışı baş tutmamış hesab edir. Depozitar qəbzlərinin buraxılışı baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən bir iş günü ərzində Komitə bu barədə mərkəzi depozitara, depozitar qəbzlərinin təklifi və yerləşdirilməsini keçirən şəxslərə yazılı məlumat verməli və qərarı kütləvi informasiya vasitələrində açıqlamalıdır. Depozitar qəbzlərinin ödənilməsi və onlar üzrə hesablaşmalar mərkəzi depozitarın daxili qaydalarına əsasən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR