Qusarın “Azərbaycanın Folklor Paytaxtı” elan olunması ilə bağlı tədbir keçirilib

Qusarın “Azərbaycanın Folklor Paytaxtı” elan olunması ilə bağlı tədbir keçirilib
# 11 mart 2016 13:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Xalq Yaradıcılığı Paytaxtları” layihəsi çərçivəsində Qusarın 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmasına həsr olunmuş təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2010-cu ildən bu günə kimi 17 paytaxt elan olunub: “Ölkəmizin mədəni zənginliyini daha dərindən təbliğ etmək üçün bu proqramın böyük əhəmiyyəti var. Deyə bilərəm ki, “Xalq Yaradıcılığı Paytaxtları” proqramında azsaylı xalqların nümayəndələri də geniş iştirak edib, ölkəmizdə olan multikulturalizm və tolerantlıq modeli dünyaya tanıdılıb. Ümidvaram ki, 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmuş Qusar rayonu da mötəbər tədbirlərlə yadda qalacaq”.

Mərasimdə iştirak edən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyət sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Qusar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Qusarın zəngin mədəni irsinin, folklor ənənələrinin olduğunu diqqətə çatdırıb.

Qusarın “Azərbaycanın Folklor Paytaxtı” elan olunması ilə əlaqədar müxtəlif tədbirlərin, ölkə və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və digər tədbirlərin təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR