Gülağa Aslanlı: “Müsavatla AXCP arasındakı danışıqların birləşmək kimi təqdim olunması yanlışdır”

Gülağa Aslanlı: “Müsavatla AXCP arasındakı danışıqların birləşmək kimi təqdim olunması yanlışdır”
# 11 may 2016 15:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP ilə danışıqlarda məqsəd vəziyyəti dəqiqləşdirmək və yalnız funksional əməkdaşlığın mümkünlüyünü yoxlamaqdır”.

Bunu APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. G. Aslanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə aparılan danışıqların yalnız funksional əməkdaşlığa xidmət etdiyini deyib: “Çay süfrəsi arxasındakı görüşləri, danışıqları mətbuatın və ayrı-ayrı şəxslərin birləşmə kimi təqdim etməsi yanlışdır. Yəni, Müsavatla AXCP arasındakı danışıqlarda söhbət birləşməkdən getmir. Bizim üçün xalqın mənafeyi daha önəmlidir və biz millətin mənafeyini nəzərə alaraq hərəkət edirik. Güman edirik ki, AXCP də bunu nəzərə alacaq və müəyyən məsələlərdə birlikdə hərəkət edəcəyik. Əgər alınmayacaqsa, bu, ayrı söhbətin mövzusudur”.

Xatırladaq ki, 2013-cü ildə Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra, AXCP ilə münasibətlər gərginləşib.

Bununla yanaşı, son günlər sosial şəbəkələrdə və mətbuatda Müsavat və AXCP arasında münasibətlər yenidən gündəmə gəlib və Müsavat başqanı Arif Hacılı AXCP ilə əməkdaşlığın əhəmiyyətli olacağını qeyd edərək, danışıqlar üçün Tofiq Yaqubluya səlahiyyət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR