Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Yanvar
# 30 yanvar 2016 17:02 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rusiya Müdafiə Nazirliyinin telekanalı Dağlıq Qarabağı "müstəqil respublika", Bako Saakyanı isə bu "respublikanın" rəhbəri kimi təqdim edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə vaxtaşırı "Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq" tipli standartlar bəyanatlar verməklə işini bitmiş sayır. Qəribədir, Dağlıq Qarabağ münaqişəsinə nəzərən Rusiyanın iki vacib dövlət qurumunda ciddi fikir ayrılığı var, yoxsa, Rusiya XİN xarici siyasətinin əsas prinsiplərinin dövlət qurumları tərəfindən tanımlanmasını təmin edə bilmir? Məncə, heç biri. Ortada aşkar və təkzibolunmaz gerçəklik var. Bu gerçəkliyin adı standartdır. Qarşısına ikili, üçlü, beşli sözünü də yazmaq olar. Fakt ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ və ətraf ərazilərin işğalında birbaşa rol oynayıb, daha bir fakt ondan ibarətdir ki, işğal altında olan ərazilərdə mövcud status-kvonun qorunmasında ən önəmli rol Rusiyaya məxsusdur, paradoks isə ondan ibarətdir ki, münaqişənin nizamlanmasında üç əsas vasitəçidən biri elə Rusiyadır. Bundan sonra olacaq reaksiyalar gün kimi aydındır. Məsələn, Rusiya XİN-də keçiriləcək brifinqlərin birində "Zvezda" telekanalının Azərbaycana qarşı təxribatı ilə bağlı sual veriləcək, XİN rəsmisi, lap elə Lavrov özü deyəcək ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibəti bundan əvvəl verilmiş bəyanatlarda və ATƏT-in Minsk Qrupunun sənədlərində öz əksini tapıb. Dərinə getsək, deyəcək ki, telekanalın mövqeyi dövlətin mövqeyi deyil və s. Biz də Lavrovun açıqlamasını manşetlərə daşıyacağıq və... Və heç nə dəyişməyəcək. Çünki dəyişiklik olmaq üçün standartlar dəyişməlidir, ikili, üçlü, beşli yox, tək standart olmalıdır. Və biz bu gün bu ikili standartın daha bir qurbanını torpağa tapşırdıq. Cəmi iki ay sonra tərxis olunaraq evə dönəcək Nahid Səfərovun vaxtından əvvəl qayıtdı. Özü yox, üçrəngli bayrağa bürünmüş nəşi... Allah şəhidlərimizə rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR