“Azərbaycan ailəsi-2016” filmlər festivalının açılış mərasimi keçirilib

“Azərbaycan ailəsi-2016” filmlər festivalının açılış mərasimi keçirilib
# 29 mart 2016 09:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş “Azərbaycan ailəsi-2016” filmlər festivalının açılış mərasimi keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, artıq 7 ildir “Azərbaycan ailəsi” filmlər festivalı uğurla təşkil olunur. O deyib ki, festivalın keçirilməsində əsas məqsəd kinematoqrafiya və fotoqrafiya sənətinin imkanlarından istifadə etməklə dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunaraq gənc nəsillərə ötürülməsi və cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılmasıdır: “Bildiyimiz kimi, festival Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu gün biz artıq 8-ci festivalımıza start veririk və aprelin 1-dən oktyabrın 1-dək işlərin qəbul olunması prosesi aparılacaq. Müsabiqənin işini qiymətləndirmək üçün 14 nəfərdən ibarət münsiflər heyəti yaradılıb. İlbəlil bizim festivala maraq artır və təsadüfi deyil ki, artıq 10-a yaxın xarici ölkənin rejissorları da bu festivalda iştirak edir. Elə bir dövrdə yaşayırıq ki, gələcək nəsillərin milli ruhda tərbiyə olunması üçün əlimizdən gələni etməliyik və bu təbliğatda festivalın rolu misilsizdir. Hamıya məlumdur ki, incəsənətin mühüm istiqamətlərindən biri olan kinematoqrafiya cəmiyyətdəki prosesləri özündə əks etdirir. Bu baxımdan biz çalışırıq ki, bu imkanlardan maksimum dərəcədə istifadə edərək gələcək nəsillərin milli ruhda inkişafına öz töhfəmizi verək”.

A. Sofiyeva xatırladıb ki, festival çərçivəsində "Həyatdan şəkilə" adlı fotomüsabiqə də keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR