QMKİDK-də Şuşanın işğalının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

QMKİDK-də Şuşanın işğalının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
# 08 may 2018 13:12 (UTC +04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşanın işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Komitədən APA-ya verilən məlumata görə, iştirakçılar əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. Komitə sədri o zamankı Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbindən Şuşa şəhərinin lazımı səviyyədə müdafiəsinin qurulmaması nəticəsində şəhərin düşmən əlinə keçdiyini qeyd edib. O bildirib ki, dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb, vandalizm aktı həyata keçiriblər.

R. Rzayev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət barədə danışaraq, ölkəmizin işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Ali baş komandanın qətiyyətli mövqeyi nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək.

Çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar. Şuşa şəhərinin işğalının ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımla yanaşı, xalqımızın mədəniyyətinə qarşı soyqırımı olduğunu qeyd ediblər. Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR